"Şəhid ailələrinə ayrılan yardımda maddiyat məsələsi şişirdilməməlidir"

“Ölkəmizdə müharibə və əmək veteranlarına daim diqqət və qayğı göstərilir. Azərbaycana gələn qonaqlar da ölkəmizin bu sahədə təcrübəsinin öyrənilməsinin vacibliyini qeyd edirlər. Hərçənd ki, Azərbaycanda müharibə veteranlarının sayı digər ölkələrə nisbətən qat-qat çoxdur”. SİA-nın xəbərinə görə, bunu Milli Məclisin deputatı Siyavuş Novruzov deyib.

Deputat bildirib ki, ölkəmizdə 1970-ci ilə qədər veteranların heç bir statusu yox idi: “Lakin 70-ci ildən sonra dövlət tam möhkəmləndikdən sonra veteranlarla bağlı addımlar atılmağa başlandı”.

Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən cəsarətli addım atılaraq şəhid ailələrinə birdəfəlik müavinətin verilməsinin çox mühüm qərar olduğundan danışan S.Novruzov burada maddiyyat məsələsinin şişirdilməsinin əleyhinə olduğunu bildirib: “Biz burada mənəvi tərəfləri əsas götürməliyik. Bu addımın mahiyyəti şəhid ailələrini digər insanlardan fərqləndirməkdir. Bu, millətin, dövlətin şəhididir. 5 manat az oldu, çox oldu kimi məsələləri dilə gətirmək düzgün deyil. Bu məsələyə şəhid ailəsinin maddi təminatı kimi yanaşmamalıyıq”.

Bu yaxınlarda Nazirlər Kabineti tərəfindən veteran statusu almayan şəxslər üçün qaydaların tətbiq edildiyini deyən deputat bildirib ki, vaxtilə bu statusu almağa haqqı olmayanlar olanları kənara itələyib onların haqqını mənimsəyiblər: “Hökumət də buna əsasən haqqından məhrum edənlərin öz haqqından istifadəsi üçün şərait yaradıb. Azərbaycanda təxminən veteranların sayı 60 mini keçib. Sırf Qarabağ veteranlarını qeyd edirəm. Azərbaycanda polk, diviziya olmayıb. Batalyon olub və bu batalyonlarda da 200 nəfər insan vuruşub”.

S.Novruzov əlavə edib ki, ezam olunanlarla, həqiq hərbi xidmətə çağıranların statusu fərqli olmalıdır.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...