“Ac erməni xalqı bu şəraitə uzun müddət dözməyəcək” MÜSAHİBƏ

Siyasi şərhçi Azər Həsrətin SİA-ya müsahibəsi

- Azər müəllim Paşinyan baş nazir postundan istefa verib, seçkilərə qatılmaqla öz siyasi maraqlarını təmin edə biləcəkmi?

- Bəli, onun siyasi iddiaları var və bunun üçün çalışır. Bu şəxs özünü demokratik, qanunlara sayğılı birisi kimi göstərməyə çalışır. Ona görə də belə adi məsələlərlə manipulyasiya etməkdən çəkinmir. Təbii ki, onun belə addımları təhlil qabiliyyəti çox da yüksək olmayan, siyasi proseslərin məğzini anlamaqda çətinlik çəkən kütləyə hesablanmış manipulyasiyadır. Bu gedişlərlə kütlənin ona verdiyi dəstəyi davam etdirmək istəyir. Yəqin ki, qarşıdakı seçkidə bunu təmin edə biləcək. Amma sonrakı proseslərdə onun işi xeyli çətin olacaq. Çünki ac qalan erməni xalqı bir müddət sonra dözməyəcək və Paşinyan acı gerçəkliklərlə üzləşməli olacaq.

- Sizcə hələdə hakimiyyətə iddialı olan Koçaryan və Sarkisyan Paşinyanın asanlıqla iddialarını gerçəkləşməsinə seyrçi qalacaqlarmı?

- Əlbəttə ki, onların hər ikisi revanş üçün yanıb-yaxılırlar. Ona görə də ötən müddət ərzində boş durmayıblar. İndinin özündə də seçki üçün səfərbər olunmaqdadırlar. Lakin bir məsələ var ki, Moskva hansı qərarı verəcək? Əgər Moskva Paşinyanın üzərindən xətt çəksə, Koçaryan və Sarkisyan yenidən meydana qayıda bilərlər. Yox, bu olmasa Paşinyan bir müddət də meydanda qalacaq. Sonrakı proseslərin necə olacağını deməyə isə hələ tələsməyək. Gözlənilməz hadisələr baş verə bilər. Hətta Qarabağ cəbhəsində intensiv hərbi əməliyyatlar bərpa edilə bilər.

- Siyasi böhran Ermənistanda növbəti vətəndaş qarşıdurmasına gətirib çıxara bilərmi?

- Bu mütləq mümkündür. Çünki, az öncə də qeyd etdiyim kimi, erməni xalqı acdır. O insanları ən çox düşündürən məsələ daxili güvənlik və gündəlik yeməkdir. Paşinyanınsa ölkəsinin məhdud resurslarıyla bunu təmin etməsi hələ uzun müddət mümkünsüz görünür. Üstəlik də blokada şəraiti davam edir. Ona görə də sadə erməni xalqı bir müddət də dözdükdən sonra Paşinyandan çörək tələb edəcək. O isə çörək verə bilməyəcəyi üçün xalqla arası açılacaq və Ermənistan daha dərin uçuruma yuvarlanacaq.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...