Davtyan: "Üstünlük Azərbaycan tərəfindədir" MÖVQE

Qazaxıstanın Aktau şəhərində Xəzəryanı 5 ölkənin dövlət başçıları tərəfindən imzalanmış Konvensiya artıq Ermənistanın strateji tərəfdaşları - Rusiya və qonşu İranla Azərbaycanın daha səmərəli əməkdaşlıq edəcəyi konkret bir institusional yeni platformadır. SİA-nın verdiyi məlumata görə, bunu Ermənistan mətbuatına verdiyi açıqlamasında enerji sahəsi üzrə ekspert Vaqe Davtyan deyib.

Ekspert bildirib ki, əslində Xəzəryanı ölkələrin əlaqələrini möhkəmləndirən Konvensiya, konkret olaraq Azərbaycan-İran və Azərbaycan-İran-Rusiya iqtisadi əməkdaşlığını gücləndirə biləcək tənzimləyici mexanizmlər sistemidir: "Burada "Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizini misal göstərə bilərik ki, əslində Ermənistandan yan keçəcək bu marşrut bütün tərəflər üçün sərfəlidir. Belə ki, İrandan Rusiyaya yüklər Azərbaycan ərazisindən keçən və artıq hazır olan Qəzvin-Rəşt-Astara dəmir yolu ilə daşınacaq. Digər tərəfdən, tikintisi davam edən İran-Ermənistan-Gürcüstan-Rusiya enerji dəhlizi artıq sual altındadır. Çünki 2018-ci ilin yanvar ayından Bakı, Tehran və Moskva bu logistik marşrutun Azərbaycandan keçməsi ilə bağlı rəsmi mövqe ortaya qoyublar. Energetika sektorunda da üstünlük Azərbaycan tərəfindədir. Azərbaycan-İran əməkdaşlığı yeni vüsət alıb. Bildiyimiz kimi, İran artıq Azərbaycandan elektrik enerjisi idxal etməyə başlayıb və Ermənistanın İrana olan barter müqaviləsi sual altına düşüb. Bir sözlə, İran Ermənistandan elektrik enerjisi almağı düşünmür. Belə olan halda Ermənistan İranı Gürcüstanla əvəz etməli olacaq".

Davtyan təəssüflə qeyd edib ki, Ermənistan çox əhəmiyyətli bir bazarı itirir: "Əlbəttə ki, bunlar yuxarıda göstərilən Konvensiyasız idi, yalnız bu sənəd bu tendensiyaları gücləndirmək üçün əlavə əsaslar yaratı. Ümumiyyətlə, Konvensiyada Xəzəryanı regionda anti-erməni lobbiləri ilə əlaqəli bəzi siyasi törəmələr var".

Bütün xəbərlər Facebook səhifəmizdə