ARGTMŞ-yə yeni sədr təyin olunub YENİLƏNİB

Bu gün Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının (GTMŞ) XV Hesabat-Seçki Qurultayı keçirilib. SİA-nın verdiyi məlumata görə, qurultayda dövlət rəsmiləri, beynəlxalq və yerli qurumların nümayəndələri, Milli Şuranın üzvü olan gənclər təşkilatlarının rəhbər və səlahətli nümayəndələri və media nümayəndələri iştirak edib.

Qurultay ARGTMŞ-ın seçkili orqanlarına (Sədr, Sədr müavinləri, Mərkəzi Nəzarət-Təftiş Komissiyası və İdarə Heyətinin üzvləri) vakant vəzifələrinə seçkilər keçirmək, Milli Şuranın son seçki dövrü ərzində fəaliyyəti ilə bağlı hesabat vermək məqsədi ilə həyata keçirilib.

Qurultay Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və şəhidlərimizin ruhunun bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

ARGTMŞ-nin sədri Seymur Hüseynov qurumun 2016-2018-ci illər üzrə hesabatını təqdim edib. S.Hüseynov qurultayda GTMŞ sədrliyinə namizədliyini irəli sürməyəcəyini nəzərə çatdıraraq sədrliyə namizədliyi irəli sürüləcək gənclərə uğurlar arzulayıb.

Prezident Administrasiyası Gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri, Birinci Vitse-Prezidentin köməkçisi Yusuf Məmmədəliyev GTMŞ-nin son 2 ildə bir çox uğurlara imza atdığını bildirib: "GTMŞ Avropa və Asiyada özünü etibarlı tərəfdaş kimi tanıdıb. Milli Şura dövlət qurumlarının etibarlı tərəfdaşına çevrilib. GTMŞ bir sıra mühüm dövlət proqramlarının icrasında iştirak edib. Hər bir gənclər təşkilatlarını gənclərin problemlərini, mövqelərini toplamalı, GTMŞ-na təqdim etməli və bu məsələlər təhlil edilərək ümumiləşdirilməlidir. Gənclər Təşkilatları bu sahədə GTMŞ-yə öz töhfələrini verməlidirlər. GTMŞ sədri Seymur Hüseynova ötən 2 il ərzində fəaliyyətinə görə təşəkkür edirəm".

Gənclər və idman nazirinin müavini İntiqam Babayev və Milli Məclisin Gənclər və idman komitəsinin sədri Ülvi Quliyev ölkədə həyata keçirilən gənclər siyasətindən danışıb. Ü.Quliyev parlamentin payız sessiyasında gənclərlə bağlı qanunvericiliyə mütərəqqi dəyişikliklərin edilməsinin nəzərdə tutulduğunu qeyd edib.

GTMŞ-nin fəaliyyətini təqdir edən Azərbaycan Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov GTMŞ-nin yeni seçiləcək rəhbərliyinə uğurlar arzulayıb.

Daha sonra GTMŞ sədrliyinə namizədliyini irəli sürmüş Məryəm Məcidova çıxış edib. Qurultayda səsvermə nəticəsində M.Məcidova GTMŞ sədri seçilib.

Məlumat üçün qeyd edək ki, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası 21 noyabr 1995-ci ildə 11 gənclər təşkilatı tərəfindən təsis olunub. Gənclər Təşkilatları Milli Şurası öz fəaliyyətində gənclərin bilik və bacarığının Azərbaycanın dövlət müstəqilliyinin möhkəmlənməsinə, beynəlxalq aləmdə layiqli yer tutmasına, demokratik dövlət quruculuğu işlərinə yönəltməyi özünün əsas vəzifəsi hesab edir. 1997-ci ildən Avropa Gənclər Forumu, Türk Dünyası Gənclər Birliyinin tam hüquqlu üzvü, 2002-ci ildən BMT-nin İqtisadi və Sosial Şurasının məşvərətçi statuslu üzvü, İslam Konfransı Təşkilatının Gənclər Forumunun həmtəsisçisi və tam hüquqlu üzvü, Dünya Azərbaycanlı Gənclər Birliyi, “Böyük İpək Yolu” beynəlxalq gənclər təşkilatının həmtəsisçisi, 2014-cü ilin dekabr ayında keçirilən seçkilərdə Avropa, Asiya, Avstraliya, Afrika və Amerika qitələrindən 120 gənclər platformasını birləşdirən Dünya Gənclər Assambleyasının tamhüquqlu üzvüdür.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...