“Paşinyanın görüşləri uğursuz oldu" ÖZƏL

“Mən Azərbaycan və Ermənistan prezidentlərinin Brüsselə səfərini çox diqqətlə izlədim. Hətta Ermənistan mətbuatı da etiraf etdi ki, Azərbaycan Prezidentinin Brüsselə səfəri Ermənistan nümayəndə heyətinin Brüsselə səfərindən qat-qat sərfəli və əhəmiyyətli oldu. Bu əhəmiyyət nədən ibarətdir? Uzun müddətdir ki, Azərbaycanla Avropa İttifaqı arasında danışıqlar gedirdi. Əvvəllər Azərbaycanla Avropa İttifaqı arasında saziş imzalanarkən ölkəmizin ərazi bütövlüyü məsələsi nəzərdə tutulmurdu”. Bunu SİA-ya açıqlamasında Azərbaycan Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov deyib.

Onun sözlərinə görə, amma Brüsseldə Azərbaycanla Avropa İttifaqı arasında paraflanmış “Tərəfdaşlıq prioritetləri” sənədi ikitərəfli tərəfdaşlıq əlaqələrinin gələcək inkişafı üçün yeni imkanlar açır: “Bu sazişdə Azərbaycanın ərazi bütövlüyü birmənalı qaydada qeyd olundu. Bu bizim üçün ən böyük uğurlardan biridir. Digər bir məqam isə bundan əvvəl NATO-nun yekun sənədində Moldovanın və Gürcüstanın ərazi bütövlüyü məsələsindən söhbət gedirdi.

Dağlıq Qarabağla bağlı məsələyə gəldikdə isə bu məsələyə başqa cür yanaşırdı. Ancaq uzun illərdən sonra ilk dəfə Dağlıq Qarabağ problemi, Abxaziya, Cənubi Osetiya məsələləri eyni müstəvidə qeyd olundu. Təbii ki, bu, Azərbaycan diplomatiyasının ən böyük uğurudur. Bütün bunlar Azərbaycan Prezidentinin Brüsselə səfərinin yüksək səviyyədə həyata keçirilməsinin və Azərbaycanın qarşıya qoyduğu məqsədlərə çatmasının bir daha əyani sübutudur. Amma Ermənistan nümayəndə heyətinin Brüsselə səfəri çox uğursuz oldu. Ermənistan baş naziri Nikol Paşinyan başda olmaqla bütün nümayəndə heyətinin keçirdiyi görüşlər uğursuz oldu. İşğalçı ölkə tamamilə başqa bir abu-hava ilə Brüsselə yollansa da artıq onlar tamamilə məhv məyus haldadırlar”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə