Paşinyan Dağlıq Qarabağ tənzimləməsində ATƏT MQ, RF, NATO və Aİ-nin mövqeyini inkar edir

"Hazırda Nikol Paşinyan dedikdə Ermənistan hökuməti və elitası başa düşülür. O, qurduğu avtoritar rejim vasitəsilə hər şeyi tək başına həll edir. Köməkçiləri, müavinləri və nazirlər real vəziyyəti ona çatdırmaqdan qorxurlar, çünki N.Paşinyana ancaq lazım olan söz deyilməlidir. Ən yaxşı misal Brüssel aeroportunda keçirdiyi müsahibədə Azərbaycan və Ermənistan Xİ nazirlərinin görüşü barədə onun verdiyi izahdır. Paşinyanın dediyindən belə alınır ki, həmsədrlərin Xİ nazirləri ilə görüşündə əsas mövzu həmsədrlərin Frankofoniya sammitində iştirakı olub və onlar icazəni almaq üçün acizanə xahiş ediblər. Yəqin ki, Xİ naziri Z.Mnasakanyan baş nazirə belə məlumat verib". Bunu SİA-ya açıqlamasında politoloq Mübariz Əhmədoğlu deyib.

Politoloq qeyd edib ki, N.Paşinyan Ermənistanın maraqlarına toxunacaq tezis olacağı təqdirdə NATO-nun sammitində iştirak etməyəcəyini bildirmişdi: "Ermənistanın maraqlarına toxunan tezislər dedikdə NATO sammitinin yekun sənədində Dağlıq Qarabağ mövzusunda əvvəlki sammitlərdə olan tezisin təkrarlanacağını nəzərdə tuturdular. Bu da baş verdi. NATO 2008-ci il Buxarest sammitindən başlayaraq Dağlıq Qarabağ tənzimlənməsi mövzusunda bəyan etdiyi tezisi yenidən təkrarladı. Son variant daha antierməni idi. Ərazi bütövlüyü, dövlət suverenliyi prinsiplərinə dəstək ifadə olunur, “Dağlıq Qarabağ münaqişəsi” termini istifadə olunmur, “ATƏT MQ”-nin adı samitin yekun sənədinə salınmır. Buna baxmayaraq N.Paşinyan sammitdə iştirak etdi. Qeyd edək ki, sammitin yekun sənədinin mətni əvvəlcədən Paşinyana bəlli idi.

N.Paşinyan Aİ-nin xarici siyasət məsələləri üzrə komissarı F.Moqerini ilə görüşdü və Dağlıq Qarabağ məsələsini müzakirə etdi. F.Moqerini N.Paşinyanla görüşdən dərhal sonra heç bir şərt olmadan Dağlıq Qarabağ tənzimlənməsi üzrə danışıqların aparılmasının zəruriliyini bildirən bəyanat yaydı. N.Paşinyan danışıqların aparılması üçün şərt irəli sürüb: Dağlıq Qarabağ danışıqlarda bərabərhüquqlu tərəf kimi iştirak etməlidir. F.Moqerini N.Paşinyanın bu şərtini dərhal rədd etdi.

Brüssel aeroportunda keçirdiyi mətbuat konfransında N.Paşinyan NATO sammitinin yekun sənədində və F.Moqerinin bəyanatında Dağlıq Qarabağ mövzusunda deyilənlərə münasibət bildirmədi. Bir az əvvəl NATO-nun Əfqanıstan mövzusunda keçirdiyi konfransda çıxışı zamanı Dağlıq Qarabağ tənzimlənməsi ilə əlaqədar dedikləri isə demokratiya pərdəsi altında beynəlxalq ictimaiyyəti aldatmaq şousundan başqa bir şey deyil.

N.Paşinyan vaxtilə R.Köçəryanın hansısa demokratik vasitələrlə ətraf rayonların Azərbaycana qaytarılmasını istisna edəcəyinin mümkünlüyü barədə tezisini ələ salmışdı. İndi özü həmin yolu gedir. Beynəlxalq ictimaiyyətin İspaniyanın demokratikliyinə zərrə qədər şübhəsi yoxdur. Kataloniyada baş verənlərə münasibəti də bəllidir.

RF Təhlükəsizlik Şurasının katibi N.Patruşev Ermənistanın Təhlükəsizlik Şurasının katibi A.Qriqoryanı Moskvada qəbul etdi. RF-in dinc yolla, mərhələli həll variantında Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinin tərəfdarı olduğunu bildirdi. A.Qriqoryan sonradan bu bəyanata “düzəliş” etdi. Guya RF dinc yolla münaqişənin həllinin tərəfdarıdır. “Mərhələli həll variantı” Ermənistanın maraqlarına cavab vermədiyi üçün A.Qriqoryan mətndən bu termini sildi. Təbii ki, N.Paşinyan qorxusu da özünü göstərdi.

Dağlıq Qarabağ tənzimlənməsində S.Sərkisyanın, eləcə də R.Köçəryanın mövqeyi beynəlxalq ictimaiyyətə daha səmimi görünürdü. Buna baxmayaraq beynəlxalq ictimaiyyət Qarabağda döyüşmüş bu iki eks-prezidentin mövqeyini inkar etdi. Belə mövqe nümayiş etdirən N.Paşinyana isə “demokratik papaqlı” kloun kimi baxacaqlar".

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...