Nikol Paşinyan aldanmağı ölkəsinə rəva bilən “aldanmış kəvakib”dir

Ermənistanda baş verənlərdən sonra hakimiyyət kürsüsündə özünə yer edən Nikol Paşinyan bir-birinin ardınca təzadlı fikirlərlə, əsassız iddialarla diqqəti cəlb edir və məntiqsiz davranışları hətta ikrah doğurur. Əslində Ermənistan cəmiyyətində yaranan çaşqınlıqdan istifadə edən və arzusunda olduğu postu ələ keçirən baş nazir indi də çəmiyyətdə çaşqınlıq yaratmağa köklənib.

Rusiyanın xarici işlər naziri S.Lavrovla görüşündə Paşinyan Dağlıq Qarabağın adından Azərbaycanla danışıqlar aparmağa hüquqi və mənəvi baxımdan haqqı olmadığını bildirib və əsas kimi də “DQR”-in parlamenti, prezidenti və hökuməti olan müstəqil ölkə” olduğunu bəhanə edib. Maraqlıdır, heç kimin, ələlxüsus da Azərbaycanın tanımadığı, qəbul etmədiyi parlamenti, prezidenti və hökuməti yalnız özləri, özü də qanunsuz, əsassız şəkildə elan etdikləri halda hansı müstəqil ölkə statusundan danışmaq olar? Hüquqi və mənəvi haqlardan dəm vuran Paşinyan, həmçinin Ermənistan hansı haqq və hüquqlarla istədiyi bölgəni müstəqil dövlət elan edir? Dağlıq Qarabağ müstəqil ölkə deyil, ola da bilməz və bu baxımdan yeni təyin olunmuş baş nazirin “müstəqil ölkə” ifadəsi təkcə Azərbaycan yox, eləcə də beynəlxalq təşkilatlar, demokratik institutlar, digər dövlətlər tərəfindən belə arqument hesab olunmur.

İşğal edilmiş ərazilərin müstəqil dövlət elan edilməsi cəhdi həyasızlığın son həddidir

Ən çox diqqət çəkən məqam həm də ondan ibarətdir ki, demokratiya komuflyajı geyinən Paşinyan, həmçinin Ermənistanda güya ki, demokratik islahatlar aparmaq qəsdində olan güclər, demokratik yolla yeni baş nazirin təyinatını iddia edən demokratik təşkilatlar bu sayıqlamalara yol verirlər. İradənin əksinə çıxış etmək, qanunsuz yollardan istifadə etmək nə vaxtdan demokratiya olub? Hüquqi əsas olmadan, dünya dövlətləri tərəfindən tanınmadan “DQR”-ə “Artsax” adı qoyub onu müstəqil ölkə adlandırmaq demokratiyadırmı? İşğal edilmiş ərazilərin müstəqil dövlət elan edilməsi cəhdinin demokratiya ilə hansı uyğunluğu ola bilər? Bu həyasızlığın son həddidir. Qonşu dövlətin ərazisini hərbi yolla işğal və talan etmək, insanlığa sığmayan vəhşilik və vandallıqla qətllər törətmək, cəsədlər üzərində təhqiramiz hərəkətlərə yol vermək, yerli əhalini məcburi şəkildə, təcavüzlə didərgin salıb, yaşadığı doğma torpaqlarından qovmaq, həmin ərazilərdə nəzarəti güclə ələ keçirmək yoxsa demokratiyadır? Yaxud bu qədər antidemokratik ölkə, onun əldəqayırma baş naziri hansı üzlə demokratik prinspləri bayraq etmək niyyətindədir? Niyə bu ölkəyə onun nəinki demokratiyadan çox uzaq olduğu, hətta haqq və hüquqların pozulduğu antidemokratik dövlət olduğu xatırladılmır? Nəinki özlərinin, hətta bunu xatırlatmayan təşkilatların, beynəlxalq qurumların demokratik olduğuna görəsən ermənilər, şəxsən Paşinyan özü inanırmı? Ermənistan cəmiyyəti, başda onun baş naziri olmaqla bütün ermənilər işğal faktlarını, qanunsuz hərəkətlərini hamıdan yaxşı bilir və buna görə də təkcə özləri deyil, bütün demokratik institutların, beynəlxalq qurumların, dövlətlərin demokratiyadan alət olaraq istifadə etdiyinə hamıdan çox əmindir. Sadəcə olaraq ermənilərə, Nikol kimi küçədən gəlib bir anda baş nazir kürsüsünə oturan birinə bu cür əldəqayırma demokratiya və demokratiyadan sui istifadə xarakterikdir. Məhz buna görə də Qərb Qafqazda öz mövqelərini möhkəmləndirmək üçün Ermənistanı, erməniləri, ələxüsus Paşinyanı seçib. Əvəzində “Böyük Ermənistan” xülyasında olanlara Dağlıq Qarabağ kimi Azərbaycan torpaqlarını əldə edəcəklərinə şirnikləndirib. Dağlıq Qarabağ ermənilər üçün tələdə pendir kimi göründüyü zaman başda Paşinyan olmaqla bütün Ermənistan cəmiyyəti Qərbin oyuncağına çevrilib. Hadisələrin gedişi və reallığı əks etdirən acı həqiqətlər qarşısında qalan Nikol indi çaşqınlıq içərisindədir. İdarəçilikdən tamamilə uzaq olan bu inqlabçı çiyinlərində daşıya bilmədiyi yükün ağırlığına tab gətirə bilməyəcəyini dərk etdiyi üçün bundan sonra da Qərbin oyunlarına alət olmağı könüllü şəkildə qəbul edir və onun, “DQR”-in parlamenti, prezidenti və hökuməti olan müstəqil ölkə” olduğunu iddia edən bəhanəsi məhz Qərbin növbəti oyununda iştirakı, tapşırığına boyun əyməsidir.

Paşinyanın çıxışları və iddiaları göstərir ki, onun sülh haqqında iddiaları səmimi deyil və beynəlxalq auditoriyaya hesablanıb

Paşinyan Qərbin oyununda alətdir və ssenarinin Qərb tərəfindən hazırlandığı da göz qabağındadır. Meydandan, küçədən gələn Baş Nazirin belə bir oyun belə qurmaq ağlının məhsulu deyil. Təbii ki, münaqişəni uzatmaq, Qafqazda özünə mövqe tutmaq istəyən Qərbin yeni bir hiyləsidir ki, bunu Paşinyan tərəfindən səsləndirir. Ermənistanın yeni baş naziri gah ölkəsinin hərbi qüdrətindən danışır, halbuki ordusu səfalət içərisində yaşayan əhalinin maliyyələşməsi ilə hələki mövcuddur, gah da sülhün tərəfdarı kimi çıxış edir. Nikol adlı bu Qərb oyuncağının təzadlı fikirləri, iddiaları birinci, çox güman ki, sonuncu da deyil. Nə qədər ki, bu “aldanmış kəvakib” mütəmadi olaraq aldanmağı özünə və ölkəsinə rəva bilir bu belə də davam edəcək. Paşinyanın çıxışları və iddiaları göstərir ki, onun sülh haqqında iddiaları səmimi deyil və beynəlxalq auditoriyaya hesablanıb. Yəni, əgər Qərb sülh tapşırığı verərsə Paşinyan sülh tərəfdarı kimi çıxış edəcək, başqa hansı şəkildə bəyanat verməyi tələb edərsə o cür də iddialar səsləndirəcək. Artıq beynəlxalq ictimaiyyət Nikolun bir siyasi fiqur deyil, əl oyuncağı olduğunun fərqindədir və bu baxımdan nə Azərbaycan cəmiyyəti, nə də beynəlxalq aləmdə onun bəyanattıarı, iddiaları ciddiyə alınmır. Çünki onun hadisələrin, münaqişənin gedişindən tamamilə uzaq biri olduğu da diqqətdən yayınacaq deyil. Serj Sarkisyan kimi onun məlumatı ola bilməz və hər çıxışında, hər bəyanatında da özünü ifşa edir.
Paşinyan danınşıqlar prosesinin real vəziyyəti haqqında da məlumatlı deyil və bunu onun iddiaları tam şəkildə təsdiq edir. Göründüyü kimi bu mənada da yeni Baş nazir danışıqlar prosesindən xəbəri olmayan, amma bu danışıqları öz istədiyi istiqamətdə aparmaq istəyən qüvvələrin mövqeyindən çıxış edir. Bəzi qüvvələr danışıqların gedişatından xəbəri olmasa da bölgədə öz istəklərini reallaşdırmağa cəhd etdiyi kimi, Paşinyan da məlumatsız belə ola-ola cəfəng iddialarla çıxış edir və bu da öz növbəsində təsdiq edir ki, baş nazir məhz marionet kimi həmin qüvvələrin maraqlarına xidmət edir. Erməni hiyləgərliyi ilə Qərbin, yaxud Rusiyanın adamı deyil, Ermənistanın adamı olduğunu bəyan edir. Amma diqqət yayındırmaq istədiyi halda tamam əksinə olaraq diqqəti özünə cəlb edir, özü özünü ifşa edir və öz təkzib faktı ilə belə təsdiq edir ki, həqiqətən də Qərbin adamıdır və onların tapşırıqlarını yerinə yetirir.

Paşinyanın bəyanatları inqilab dalğasında hakimiyyətə gəlmiş birinin daxili auditoriya qarşısında simasını itirməmək məqsədi daşıyır

Küçələrdə bel çantası ilə qara-qışqırıq salan Paşinyanın kütlə qarşısındakı pafoslarının ardınca, indi reallığı başa düşsə də belə birdən-birə sözünü, mövqeyini dəyişməsi onun özü üçün də çətindir. Əks halda, yəni Baş Nazir bir vaxt küçə yürüşlərindəki pafoslu çıxışlarına zidd mövqe sərgiləsə idarəolunmaz kütlə onun özünü də dərhal yerindən oynadar və hələ də sönməmiş inqlabın qığılcımı Ermənistanı tamamilə yaxıb yandırar. Bu isə nəinki Paşinyanın, hətta Ermənistanın özünün də birdəfəlik süqutu, hətta ani olaraq məhvi deməkdir. Məhz buna görə də cəsarətlə demək olar ki, Paşinyanın bəyanatları inqilab dalğasında hakimiyyətə gəlmiş birisinin daxili auditoriyanın qarşısında simasını itirməmək məqsədi daşıyır.
İqtisadi vəziyyəti, sosial durumu acınacaqlı halda, büdcəsi yox dərəcəsində olan, hərbisində qarışıqlıq, xaos hökm sürən, beynəlxalq aləmdə nüfuzunu tamamilə itirən, ictimaiyyəti nəzarətdən, idarəetmədən çıxan, xarici təsir altında qalan bir ölkənin də, onun baş nazirinin də taleyi onsuz da tükdən asılı bir vəziyyətdədir. Məhz buna görə də Paşinyan növbəti dəfə hiyləgərliklə daxili auditoriyanın nəbzini tutmağa çalışır. Amma, divardan tutub yeriyəcəyinə ümid edən kor misalında bu hiyləgər Nikol da dərk etmək məcburiyyətindədir ki, divar qurtardığı kimi onun oyunlarının da bir sonu, manipulyasiya etdiyi müstəvinin də bir hüdudu, sərhəddi var və ən qısa zamanda hadisələrin ekstremumu, böhran nöqtəsi labüddür.

Paşinyanın ölkə daxilində qanunçuluğu bərpa edəcəyi, hər şeyi öz yoluna qoyacağı barədə iddiaları onun dövlət idarəçiliyində çox təcrübəsiz olduğunun göstəricisidir. Baş Nazir kürsüsünə küçədən gətirilən Nikol təbii ki, səriştəsiz olmalı idi və bunun əslində Ermənistan ictimaiyyəti də fərqində olmalı idi. Dövlət idarəçiliyi, ələlxüsus qonşu ölkə ilə illərdir müharibə şəraitində olan, yalnız işğalçılıq siyasəti yürütməsi sayəsində böhran vəziyyətində, səfalət içərisində olan ölkənin idarə olunması, çətin durumdan çıxarılması asan məsələ deyil və bu iş idarəçilik təcrübəsindən əlavə, nüfuz, qətiyyət, uzaqgörənlik kimi liderlik keyfiyyətləri tələb edir. Qərbin oyuncağına çevrilmiş bir marianetdən isə bu kimi liderlik keyfiyyətlərini, bacarıq və qabiliyyətlər gözləmək olmaz. Bu baxımdan Paşinyanın iddiaları absurddur və bu küçə adamının hakimiyyət başına gətirilməsi Ermənistan üçün əsl faciədir. Nəinki Nikol, hətta ermənilər özləri də Qərbin aləti olmağa razılıq verdilər və hər zaman kimlərinsə idarəetməsi altında olan erməni xalqı bu dəfə öz müqəddəratını daha təhlükəli ssenariyə qurban etdi. Demokratiya adı altında Ermənistanda qarmaqarışıqlıq yaradanların oyunlarından bəhrələndiyini, Baş nazir postunu ələ keçirdiyini zənn edən Paşinyan isə çiyinlərini daşıya bilməyəcəyi yükün altına qoymaqla həm özünün, həm də ölkəsinin süqutuna, məhvinə rəvac verdi.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə