Tahir Kərimli: "Cümhuriyyətlə bağlı kitab və ensiklopediyalar hazırlanır" AÇIQLAMA

“Azərbaycan Prezidentinin 2018-ci ilin “Cümhuriyyəti ili” elan edilməsi və Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinin qeyd olunması ilə bağlı sərəncamları əsasında hazırda ölkəmizdə yüksək səviyyəli tədbirlər həyata keçirilir, mühüm addımlar atılır. Müşahidələrim əsasında deyə bilərəm ki, Azərbaycanda fəaliyyət göstərən bütün qurumlar, eləcə də diplomatik korpuslarımız tərəfindən Cümhuriyyətin 100 illiyi təntənəli şəkildə qeyd olunur”. Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Tahir Kərimli deyib.

Bu tədbirlərin təhsil ocaqları, siyasi partiyalar tərəfindən və Milli Məclisdə geniş şəkildə həyata keçirildiyini dilə gətirən T. Kərimli Cümhuriyyət ilinin 100 illik yubileyi ilə əlaqədar sıra təkliflər irəli sürdüyünü də dilə gətirib: “AXC-nin 100 illik yubileyi ilə bağlı medalın təsis edilməsi ilə bağlı təklif irəli sürdüm ki, artıq Milli Məclisdə bununla əlaqədar qərar da qəbul edilib. Bundan başqa mənin bir arzum ölkəmizdə AXC-nin yaradıcılarına həsr olunan kompleksin yaradılması, əgər dini nöqteyi-nəzərdən mümkün olarsa, həmin şəxslərin nəşinin respublikamıza qaytarılmasıdır”.

Deputat söyləyib ki, AXC haqqında ən böyük sözü Prezident İlham Əliyev bildirib: “Dövlət başçısı qeyd edib ki, əgər hazırda AXC-nin yaradıcıları sağ olsaydı, bugünkü Azərbaycanla fəxr edərdilər. Bu, həqiqətən də belədir. Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi bir neçə gündən sonra dövlət səviyyəsinə təntənəli sürətdə Dövlət başçısının iştirakı ilə qeyd olunacaq”.

AXC dövründə parlament fəaliyyəti ilə bağlı fikirlərini bildirən deputat o dövrdə Milli Məclisin müvəqqəti olmasına təəssüfləndiyini dilə gətirib: “Çox təəssüf ki, həmin dövrdə Milli Məclis müvəqqəti idi və yeni seçkiləri keçirilməli idi. Amma bu baş tutmadı və digər məsələlər yarımçıq qaldı. Artıq o dövrdən 100 il keçib. Hazırda Milli Məclis öz funksiyasını layiqincə yerinə yetirir. Bildiyiniz kimi payızda Azərbaycan Milli Məclisinin 100 illiyi ilə bağlı tədbir keçirilməsi də nəzərdə tutulub”.

“Görülən işlər sadalananlarla kifayətlənmir. Biz bilirik ki, Cümhuriyyətlə bağlı alimlər tərəfindən çoxlu sayda kitablarvə ensiklopediyalar çap olunur. AXC-nin 100 illiyinin tamam olması eyni zamanda Azərbaycan parlamentinin, ordumuzun və digər qurumların da 100 illik yubileyi ilə üst-üstə düşür. Bu o deməkdir ki, bu tədbirlər il boyu davam edəcək və müxtəlif şəkildə qeyd olunacaq”, - deyə T. Kərimli əlavə edib.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...