ADP-“REAL” qarşıdurması şiddətləndi TƏRS BAXIŞ

Natiq Cəfərli: “O, Azərbaycan siyasətinin ən qeyri-ciddi siyasətçilərindəndir”

ADP sədri Sərdar Cəlaloğlunun bir neçə gün əvvəl mediaya verdiyi açıqlamasında “REAL”-ın həbsdə olan rəhbəri İlqar Məmmədovu hədəfə alması və bunun ardınca, tərəflərin bir-birlərini ən sərt şəkildə təhqir etmələri vəziyyətin daha da gərginləşməsinə səbəb olub. Belə ki, S.Cəlaloğlunun İ.Məmmədovun Azərbaycann dövlət maraqlarına qarşı xəyanətkar mövqe tutması, Avropa təşkilatlarında ölkəmiz əleyhinə çıxış edən, eyni zamanda Qarabağ problemi ətrafında bir sıra avropalı parlamentarilərin təklifləri ilə razılaşması durumun bu məcraya qədər yüksəlməsinə şərait yaradıb. Nəticədə sosial şəbəkələrdə “REAL” tərəfdarları ADP sədrinin ünvanına ən təhqiramiz fikirlər yazırlar.

Sərdar Cəlaloğlu: “Sonralar İlqar Məmmədovun özü də bunu təsdiqlədi”

Xatırladaq ki, Cəlaloğlu İ.Məmmədovu bu ifadələri ilə suçlamışdı: “AMİP-in özündə belə İlqar Məmmədov tanınmırdı. Bu partiyadan çıxandan sonra Amerika səfirliyində işlədi. Ondan sonra bir QHT yaratdı və orada da Azərbaycana qarşı çox xəyanətkar bir sənədə qol çəkib. Mən, İsa Qəmbər, Əli Kərimli və Pənah Hüseyn Avropa Birliyinin nümayəndələri ilə görüşəndə dedik ki, bu birliyə inteqrasiyamızda əsas hədəflərdən biri Dağlıq Qarabağ münaqişəsinin ədalətli həll olunmasıdır. Onlar bizə həmin vaxt dedilər ki, siz heç vaxt Avropa Birliyi çərçivəsində Dağlıq Qarabağ məsələsini qaldıra bilməzsiniz. Səbəbini soruşşduqda şok yaradacaq bu cavabı verdilər ki, siz bizə sənəd vermisiniz və bir şərtlə Avropa Birliyinə üzvlüyə razısınız ki, heç vaxt Dağlıq Qarabağla bağlı məsələ qaldırmayacaqsınız. Belə bir sənədə qol çəkmədiyimizi deyəndən sonra bildirdilər ki, sizin bir birliyiniz var, ora 29 təşkilat daxildir, sədri İlqar Məmmədovdur, o bizə belə bir sənəd verib. Sonralar İlqar Məmmədovun özü də bunu təsdiqlədi...”

S.Cəlaloğlu “REAL”ın nəinki hakimiyyətə qarşı, hətta Azərbaycandakı ən zəif partiyaya belə alternativ olmadığını bildirib. Eyni zamanda ADP sədri İ.Məmmədovun təşkilatının kadr potensialının olmadığını, “REAL” sədrinin şəxsi keyfiyyətlərinin, qabiliyyətinin olmadığını da deyib.

Natiq Cəfərli: “Sərdar Cəlaloğlu ilə bağlı məhkəmə sənədlərində onun xarici orqanlarla əlaqələri, görüşləri barədə məlumatlar var”

“REAL”ın icraçı katibi Natiq Cəfərli isə öz növbəsində ADP sədrinə sərt cavab verərək deyib ki, Sərdar Cəlaloğlu Azərbaycan siyasətində ən qeyri-ciddi siyasətçilərdən biridir: “Onun bu günə qədər səsləndirdiyi fikirlər, tezislər çox zaman gülüş doğurur. Bu baxımdan, açığı, ona ciddi cavab verməyə çox çətinlik çəkirəm. Səsləndirdiyi ittihamlarla bağlı əlində sübutlar varsa, ortaya qoysun”.

“Sərdar Cəlaloğlu İlqar haqqında çox şeylər deyə bilər. Amma bu məsələ ilə bağlı onun mövqeyi tamamilə absurddur”-deyə siyasi təşkilatın səlahiyyətlisi bildirib.

N.Cəfərli ADP sədrinin dediyi sənədin Sivil Toplum Platforması olduğunu deyib və bildirib ki, orada “REAL”ın adı olmayıb: “Həmin vaxt “REAL” təzəcə yaranmışdı. Bu, adi bir platforma idi. Hakimiyyət Dağlıq Qarabağ münaqişəsinin həlli üçün sülh yolunu əsas sayır. Əslində düzgün də siyasət budur. Açıq şəkildə bəyan edə bilmərik ki, müharibə edəcəyik…Sərdar bəyin yəqin bunlardan xəbəri yoxdur. Onun nə beynəlxalq aləmdə nüfuzu var, nə də beynəlxalq konfranslarda iştirak edib. Bu günə qədər yalnız daxili auditoriya üçün çıxışları olub. Onu qınamıram, köhnə fikirli, dünyadan bixəbər insandır”.

“REAL”çı öz növbəsində S.Cəlalğlunun zamanında xaricin gizli təşkilatları ilə iş birliyində olması ilə bağlı faktların olduğunu da deyib: “Sərdar Cəlaloğlu ilə bağlı məhkəmə sənədlərində onun xarici orqanlarla əlaqələri, görüşləri barədə məlumatlar var. Onun tipində olan siyasətçilər prosesləri anlamaq iqtidarında deyillər…Bir şəxsdən ibarət olan partiyanın sədrinin bu cür fikirlər səsləndirməsi doğrudan da çox qeyri-ciddilikdir”.

AXCP sədri Əli Kərimli, Müsavatın sabiq başqanı İsa Qəmbər və hazırkı sədri Arif Hacılı, eləcə də AXP sədri Pənah Hüseyn nədənsə, bu məsələyə mövqe bildirməkdən yayınırlar

N.Cəfərli həmçinin bildirib ki, vaxtilə Rəsul Qyliyev ADP-yə rəhbərlik etdiyi zamanlarda o, S.Cəlaloğluya yaxşı pul xərcləyib və indi orada yoxdur deyə, ADP-də adam da qalmayıb: “Vaxtilə ADP də güclü partiya idi. Rəsul Quliyevlə bir yerdə idilər, ondan maliyyə alırdılar. Elə ki, bu əlaqələr kəsildi, ADP yox olub getdi”.

“Sərdar Cəlaloğlu bu fikirləri ilə dünyadan və siyasətdən bixəbər olduğunu bir daha göstərdi. Onun siyasətlə məşğul olması, sadəcə, vaxt itkisidir”-deyə “REAL”ın icraçı katibi ADP sədrini sərt şəkildə ittiham edib.

Maraqlıdır ki, tərəflər arasında baş verən bu qarşıdurmalara hadisələrin şahidi olmuş AXCP sədri Əli Kərimli, Müsavatın sabiq başqanı İsa Qəmbər və hazırkı sədri Arif Hacılı, eləcə də AXP sədri Pənah Hüseyn nədənsə, bu məsələyə mövqe bildirməkdən yayınırlar. Görünür, onların da ya ADP sədri S.Cəlaloğlu, ya da “REAL”çılar qarşısında başlarını aşağı edəcək işləri var. Hər halda bu məsələnin şişərək, müxalifətin bəlli cinahına da sıçraya biləcəyini indidən ehtimal etmək olar.

R.RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə