Prezident İlham Əliyevin şəhid hərbçilərimizin ailələrinə, vərəsələrinə diqqət və qayğısı tükənməzdir ANALİTİK

Azərbaycan dövləti hər bir vətəndaşın, imtiyazlı təbəqənin, dövlət və xalq qarşısında xidmətləri olan şəxslərin sosial məsələlərinin həllini prioritet vəzifə hesab edir

Ölkə başçısı İlham Əliyevin xalqın sosial-rifah halının yaxşılaşdırılması, ümumilikdə isə, sosial mühitin daha yüksək səviyyəyə çatdırılması və bu istiqamətdə apardığı məqsədyönlü siyasət məhz belə qənaətə gəlməyə zəmin yaradır ki, bütün bunların təməlində ilk növbədə iqtisadi qüdrət amili dayanmaqdadır. Bu baxımdan, “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanı özündə bu kimi vacib məqamları ehtiva etməkdədir.

Ardıcıl tədbirlər həyata keçirib və keçirməkdə davam edir

Belə ki, Azərbaycanın iqtisadi qüdrətinin artması həm ölkənin müdafiə potensialının gücləndirilməsi, o cümlədən, hərbi qulluqçuların etibarlı sosial müdafiəsinin təmin edilməsi üçün şərait yaradıb. Xüsusilə, hərbçilərin xidmət, mənzil-məişət şəraitinin yaxşılaşdırılması, onların sosial müdafiəsinin gücləndirilməsi və digər istiqamətlər üzrə məqsədyönlü tədbirlər həyata keçirilir ki, bütün bunların davamlı xarakter alması bir sıra tarixi aspektlərə söykənir. Məsələn, hələ 1997-ci ildə “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Qanun qüvvəyə mindikdən sonra hərbi qulluqçulara sığorta ödənişlərinin verilməsinə dair normativ hüquqi baza formalaşdırılmışdı və eyni zamanda, bu gün Azərbaycan Prezidentinin fərmanına əsasən, 1997-ci il avqustun 2-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların vərəsələrinə 11 min manat birdəfəlik ödəmələrin verilməsi qərara alınıb.

Bu mənada da qeyd edə bilərik ki, Azərbaycan dövləti hər zaman ölkənin ərazi bütövlüyü uğrunda həlak olmuş və itkin düşmüş hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması məqsədi ilə ardıcıl tədbirlər həyata keçirib və keçirməkdə davam edir.

Bu Fərman Azərbaycan Prezidenti tərəfindən bəyan olunmuş “Həyata keçirdiyimiz siyasətin mərkəzində Azərbaycan vətəndaşı dayanır” şüarın təcrübədə yüksək səviyyədə reallaşdığının əyani sübutudur

Söz yox ki, Ulu Öndər Heydər Əliyev siyasəti Cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir və sözügedən Fərman Prezident İlham Əliyevin vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi, Azərbaycanın ərazi bütövlüyünün qorunması üçün canlarını qurban vermiş hərbçilərimizin ailələrinə, vərəsələrinə diqqət və qayğısının bariz nümunəsidir.

O cümlədən, bu Fərman Azərbaycan Prezidenti tərəfindən bəyan olunmuş “Həyata keçirdiyimiz siyasətin mərkəzində Azərbaycan vətəndaşı dayanır” şüarın təcrübədə yüksək səviyyədə reallaşdığının əyani sübutudur. Beləliklə, Cənab Prezident bununla bir daha təsdiq etdi ki, dövlətin həyata keçirdiyi ardıcıl sosial siyasət daha da gücləndiriləcək. Çünki Azərbaycan dövləti hər bir vətəndaşın, imtiyazlı təbəqənin, dövlət və xalq qarşısında xidmətləri olan şəxslərin sosial məsələlərinin həllini prioritet vəzifə hesab edir və edəcək.

Rövşən NURƏDDİNOĞLU

Bütün xəbərlər Facebook səhifəmizdə