Azərbaycan xalqının seçimi İlham Əliyevdir

Son 15 il ərzində respublikamızın uğurlu sosial-iqtisadi inkişaf yolu keçməsi, sabitlik diyarı kimi mövqeyini daha da möhkəmləndirməsi insanların Prezident İlham Əliyevə olan inamını və etimadını daha da yüksəldib

Ötən 15 il ərzində Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurlu inkişaf yolu keçib. Bu müddət ərzində, Azərbaycan sabitlik diyarı kimi mövqeyini daha da möhkəmləndirib, ən əsası, regionda sabitləşdirici faktor kimi nüfuz qazanıb. "Dünyada gedən proseslər, bir daha onu göstərir ki, ancaq sabit olan ölkələr uğurla inkişaf edə bilər. Ancaq sabit olan ölkələrə xarici sərmayə qoyulur, insanlar rahat və təhlükəsizlik şəraitində yaşayırlar. Bu gün dünyanın müxtəlif yerlərində sabitlik pozulur, qanlı toqquşmalar baş verir, müharibələr alovlanır və yeni risklər yaranır. Bu gün dünya gündəliyinin əsas məsələsi, məhz təhlükəsizlik məsələləridir. Azərbaycan bu istiqamətdə apardığı siyasətlə dünyada böyük rəğbət qazanmış ölkələrdən biridir. Ölkəmizdə daxili risklər üçün heç bir mənbə yoxdur. Xarici risklərdən isə, biz özümüzü qoruyuruq və bundan sonra da qoruyacağıq, Azərbaycan xalqının rahat yaşamasını təmin edəcəyik" - deyən Prezident İlham Əliyev sabitliyin, qanunun aliliyinin təmin olunduğu ölkədə demokratik inkişafın qaçılmaz olduğunu önə çəkərək, dövlətimizin insan hüquq və azadlıqlarının qorunması və yeni müdafiə mexanizmlərinin müəyyənləşdirilməsi istiqamətində də bir-birindən əhəmiyyətli addımlar atıb.

Bəllidir ki, iqtisadi artım, cəmiyyətin demokratikləşməsi ölkə siyasətinin əsas elementləridir və biri digərsiz mümkün ola bilməz. İqtisadi cəhətdən güclü olan ölkədə demokratiya, şəffaflıq yoxdursa, insan hüquqları yüksək səviyyədə qorunmursa, uğurdan danışmaq qeyri-mümkündür. Bu mənada, Prezident İlham Əliyev qeyd edir ki, biz qanunun aliliyinin təmin olunduğu, yüksək səviyyədə şəffaflıq olan, hər bir insanın sülh və əmin-amanlaq şəraitində yaşadığı və bütün azadlıqlardan istifadə etdiyi cəmiyyət qururuq.

Ölkəmizdəki sabitlik, iqtisadi inkişaf beynəlxalq münasibətlər sistemində yeri və roluna da öz müsbət təsirini göstərib. Son 15 ildə dövlətimizin başçısı İlham Əliyevin xarici ölkələrə səfərlərinin, iştirak etdiyi beynəlxalq əhəmiyyətli tədbirlərin miqyasına diqqət yetirsək, Azərbaycanın beynəlxalq münasibətlər sistemində yeri və rolunu aydın görərik.

Xarici siyasətimizin mühüm uğuru Azərbaycanın 2011-ci ildə 155 ölkənin dəstəyini qazanaraq, BMT-nin Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsidir. Azərbaycan, həmçinin, 2003-2005 və 2017-2019-cu illər üçün BMT-nin İqtisadi və Sosial Şurasının, 2006-2009-cu illər üçün isə BMT-nin İnsan Hüquqları Şurasının üzvü seçilib. Cənab İlham Əliyevin Sərəncamı ilə 2016-cı ilin ölkəmizdə "Multikulturalizm İli", 2017-ci ili isə "İslam Həmrəyliyi İli" elan edilməsi də ölkəmizin ikitərəfli və çoxtərəfli əməkdaşlığa verdiyi töhfələrdən qaynaqlanırdı. Azərbaycan 2015-ci ildə İlk Avropa Oyunlarına, 2017-ci ildə IV İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi etməklə, eyni zamanda, dünyaya dostluq, əməkdaşlıq, birlik, həmrəylik mesajını ünvanladı. İslamofobiya meyillərinin gücləndiyi, islam dininə qarşı təhdid-böhtan kampaniyasının aparıldığı bir zamanda Azərbaycandan ünvanlanan sülh mesajı dünyanın düşündürən mühüm məsələlərdən oldu. Müstəqil siyasəti, dinamik inkişafı, yüksək tolerantlığı ilə diqqət çəkən Azərbaycan dünyada sözünün də imzası qədər çəkisi olduğunu uğurlu addımları ilə nümayiş etdirir. Dövlətimizin başçısı İlham Əliyevin dünyanın nüfuzlu təşkilatlarının tribunasından böyük inam və qətiyyətlə səsləndirdiyi bəyanatlaır da siyasətimizdə müstəqil olduğumuzu, heç bir dövlətin, təşkilatın diktəsi ilə oturub-durmadığmızı dünyaya çatdırır.

Azərbaycanın 2016-cı ildə "İnklüziv cəmiyyətlərdə birgəyaşayış: çağırış və məqsəd" şüarı altında BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumuna ev sahibliyi etməsi dünyanın ən nüfuzlu ali qurumunun, dünya ölkələrinin Azərbaycana olan hörmətinin, etimadının, ölkəmizin dünya siyasətində, beynəlxalq münasibətlər sistemində yeri və roluna, habelə, multikultural dəyərlərin təşviqi və sivilizasiyalararası və mədəniyyətlərarası dialoqun inkişafına töhfələrinə verilən qiymətin real ifadəsidir. Həmin ildə Cənab İlham Əliyevin ABŞ-da keçirilən və dünya üçün mühüm əhəmiyyət kəsb edən IV Nüvə Təhlükəsizliyi Sammitinə ABŞ-ın keçmiş Prezidenti Barak Obama tərəfindən dəvət edilməsi Azərbaycanın xarici siyasətinin mühüm uğuru kimi qiymətləndirildi. Azərbaycanın böyük güclərin də qatıldığı sammitdə iştirakı ölkəmizin dünyada nüfuz sahibi olması və təhlükəsizlik sahəsində etibarlı tərəfdaşa çevrilməsinin bariz bir nümunəsidir. Azərbaycan özü müharibə şəraitində olmasına baxmayaraq, daim dünyada sülhün və təhlükəsizliyin təmin edilməsi istiqamətində əlindən gələn dəstəyi göstərib. Xüsusən də, beynəlxalq antiterror koalisiyasında, o cümlədən, Əfqanıstanda həyata keçirilən sülhməramlı missiyada fəal iştirak edir. Bununla yanaşı, Azərbaycan dünyada davam edən münaqişələrlə bağlı ən yüksək tribunalardan daim öz qəti mövqeyini səsləndirib, haqqın tərəfində olduğunu bəyan edib və sülhün və təhlükəsizliyin təmin olunmasının vacibliyini vurğulayıb. Bütün bunlar ölkəmizin beynəlxalq münasibətlər sistemində rolunu və əhəmiyyətini xeyli dərəcədə artırıb.

2017-ci ilin fevralında dünyanın diqqətlə izlədiyi və beynəlxalq aləmdə müzakirəyə çevrildiyi ABŞ Silahlı Qüvvələrinin Qərargah Rəisləri Komitəsinin sədri Gozef Danfort və Rusiya müdafiə nazirinin birinci müavini, Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Qerasimovun görüşünün Bakıda keçirilməsi də ölkəmizə olan marağın, verilən dəyərin və beynəlxalq nüfuzunun göstərici idi.

Günümüzün əsas reallığı budur ki, Azərbaycan sabitlik fonunda davamlı uğurlara imza atır və beynəlxalq qurumların hesabatlarında liderliyini qoruyur. "Bizim xarici siyastimiz açıqdır" söyləyən Cənab İlham Əliyev atılan hər addımda milli maraqlarımızın öndə dayandığını bildirir, beynəlxalq hüququn norma və prinsiplərinin önəmini açıqlayır. Beynəlxalq əməkdaşlıq və diplomatik uğurlarımız, eyni zamanda, xarici siyasətimizin önündə dayanan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllinə yol açan amillərdir. "Biz uğurla inkişaf edirik" söyləyən Cənab İlham Əliyev bu əminliyi də ifadə edir ki, gələcəyə nikbinliklə baxmaq üçün kifayət qədər amil vardır. "Xalq" və "millət" anlayışları ön planda olanda, istənilən problem öz həllini tapa bilər. Bizim siyasətimiz milli maraqlar üzərində qurulub. Bizim siyasətimiz müstəqilliyin möhkəmlənməsinə istiqamətləndirilib. Bu gün Azərbaycan müstəqil dövlət kimi dünya miqyasında özünə layiqli yer tutub. Bütün hədəflərə çatmaq üçün müstəqil siyasətimiz davam etməlidir.

Deyilənlərin fonunda biz ölkədə xalq-iqtidar birliyinin sarılmazlığını, xalqın həyata keçirilən siyasətə dəstəyi ölkə əhalisinin Cənab İlham Əliyevin ətrafında sıx birləşməsini görürük. Eyni zamanda, Azərbaycanda həyata keçirilən siyasətin alternativsizliyi regionun digər ölkələrində də etiraf olunur. Xalqımız tam əmindir ki, 2018-ci il prezident seçkiləri də Yeni Azərbaycan Partyasının namizədi Cənab İlham Əliyevin qələbəsi ilə tarixə yazılacaq. Dövlətimizin başçısı İlham Əliyevin dediyi kimi, 2018-ci il də, ondan sonrakı illər də ölkəmiz üçün uğurlu olacaq.

Azərbaycan uğurla inkişaf edəcək, qarşıda duran bütün vəzifələr icra ediləcək və ölkəmiz bundan sonra da bir çox ölkələr üçün nümunə olacaqdır.

"Səs" Analitik Qrupu

Bütün xəbərlər Facebook səhifəmizdə