BAXCP rəsmisi: “Seçki mühiti üçün hər cür şərait var" AÇIQLAMA

“Əksər müxalifət qüvvələri seçki hazırlığına başlayıb. Artıq 10 nəfərdən artıq müxalifətin namizədi prezident seçkilərində iştirak edəcəyini bildirib və Mərkəzi Seçki Komissiyasına müraciət edib. Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) lideri Qüdrət Həsənquliyev üçün də 2 gündür imzaların toplanması kampaniyasına başlamışıq”. Bunu SİA-ya açıqlamasında BAXCP-nin sədr müavini Niyaməddin Orduxanlı deyib.

Onun sözlərinə görə, digər müxalifət nümayəndələri də həmin prosesi aparırlar: “Cəmiyyətdə seçki ab-havası görünməkdədir. İstər ölkə televiziyasında, istərsə də Azərbaycan və xarici mətbuatda aprelin 11-də keçiriləcək növbədənkənar seçkilərlə bağlı məlumatlar yayılır. Həm də 2 milyonlu “facebook” sosial şəbəkəsində də seçki ilə bağlı geniş müzakirələr aparılır. Demək olar ki hər gün seçki fəallığı artır. Radikal müxalifət seçki günü səsverməyə getməyəcəyini bəyan etsə də, bu gün sosial şəbəkədə, mətbuatda ən çox aprelin 11-də seçki olacağını onlar yayır. 25 ildir eyni siyasəti aparan radikallar cəmiyyətdə çox zəif gücə malikdirlər. Bazaları həddindən artıq zəifdir. Bu səbəbdəndir ki, qorxularından seçkiyə qatılmadılar. Radikal müxalifətin də apardığı kampaniya prezident seçkilərinin seçkiöncəsi hazırlığının artmasına xidmət edir. Hakim partiya seçkiyə komanda şəklində bir namizədlə, cənab prezident İlham Əliyevlə qatılıb, hətta heç bir partiya mənsubiyyəti olmayan bitərəf namizədlər də seçkidə iştirak edəcəyini bəyan edib. Dairə Seçki Komissiyalarında seminarlar başlayıb. Düşünürəm ki, aprelin 11-də keçiriləcək seçki sağlam rəqabət şəraitində keçiriləcək və hər bir namizəd özünün platforması, konsepsiyası ilə çıxış edəcək. Normal seçki mühitinin aparılması üçün hər cür şərait var. Seçki prosesi normal şəkildə davam edir”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə