"Ermənistanda seçki öncəsi siyasi böhran daha da dərinləşəcək"

Ermənistan iqtisadiyyatı tam şəkildə xarici dövlətlərin inhisarındadır və ölkəyə qoyulan sərmayələr yalnız xaricdə yaşayan erməni lobbisi tərəfindən idarə olunduğu üçün ölkədə böyük siyasi gərginlik hökm sürür. Bunu azərtac-a müsahibəsində politoloq Arzu Nağıyev bildirib. Politoloqun sözlərinə görə, Serj Sarkisyan və komandası siyasi böhranla üzləşib. Mart ayında Ermənistanda keçiriləcək prezident seçkiləri ilə əlaqədar Sarkisyan rejimi ictimai rəyi formalaşdırmaq üçün əlindən gələni edir. Lakin iqtisadi, siyasi və hərbi böhran demək olar ki, onun əleyhinə işləyir.

Arzu Nağıyev qeyd edib ki, artıq Dağlıq Qarabağ münaqişəsi erməni ictimaiyyətinin ciddi narahatlığına yol açır. Daha doğrusu, müharibəyə cəlb olunduqlarını başa düşən insanlar etiraz səslərini ucaldırlar, hətta bununla bağlı son vaxtlar iğtişaşlarla nəticələnən mitinqlər də olub. Politoloqun fikrincə, bu proses daha da dərinləşəcək və seçki öncəsi intensiv xarakter alacaq. Ermənistandakı mövcud rejim Dağlıq Qarabağ kartından istifadə edən müharibə partiyasıdır ki, burada da Sarkisyan və onun klanı birləşib. Digərləri isə qərbyönümlü və xaricdən maliyyələşən, Rusiyada cinayətkar fəaliyyətlə məşğul olan kriminal ünsürlərlə əlaqəli biznesmenlər qrupudur.

Erməni ictimaiyyəti anlayır ki, Dağlıq Qarabağ münaqişəsi sonu olmayan və Yerevanın xeyrinə nəticələnə bilməyəcək bir xülyadır. Azərbaycan heç vaxt imkan verməyəcək ki, ərazisində ikinci bir erməni dövləti yaransın. Bu barədə danışan Arzu Nağıyevin sözlərinə görə, narazılıqlar Sarkisyan və onun komandasının insanları səfalətə sürükləyən xətt tutduqlarını bir daha göstərəcək. Burada da əsas problem məhz Dağlıq Qarabağ münaqişəsinin həll edilməməsi, Sarkisyanın öz hakimiyyəti naminə status–kvonu saxlamaq cəhdidir. Politoloqun fikrincə, Ermənistanın siyasi-hərbi mənzərəsinə baxdıqda görünən odur ki, düşmən ölkənin ordusu kreditlər və ianələr hesabına fəaliyyət göstərən bir quruma çevrilib. Azərbaycanın işğal olunmuş ərazilərinə əsasən muzdlular, terror qruplarının axtarışda olan cinayətkar ünsürləri gətirilib. Bunu artıq hər bir erməni vətəndaş dərk edir və görür. Erməni analar öz övladlarının Sarkisyanın istəyi və yarıtmaz siyasəti naminə ölməsini istəmirlər. Məhz bu səbəbdən ölkədə demoqrafik tarazlıq pozulub, gənclər orduya getməmək üçün ölkəni tərk edirlər.

2016–cı il aprel hadisələrindən sonra Ermənistan hərbi elitasında istefaların və həbslərin davam etdiyini deyən Arzu Nağıyev vurğulayıb ki, ordunu silah-sursat və avadanlıqla təchiz etmək üçün külli miqdarda vəsait lazımdır. İqtisadiyyatın tənəzzülə uğraması fonunda bu, mümkün olmayacaq və nəticədə orduya inam azalmaqda davam edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə