“Reket jurnalistika”nın “xaç ataları”...

Deyəsən “reket jurnalistika” ilə bağlı artıq ikinci dəfədir yazıram. İndi yaman dəbə minib bu barədə yazmaq. Sanki Xristofer Kolumb ikinci dəfə amerika kəşf edib. Hamı yaxşı xatırlayır ki, müstəqil mətbuat yaranandan bəri hər zaman “reket jurnalistika” məsələsi aktual olub. Amma vaxt olub çox irəli çıxıblar “reket jurnalistlər”, vaxtlar da olub ki, əsl partizanlar kimi geriyə çəkilib pusqu qurublar. Vəziyyətə və situasiyaya uyğun hərəkət ediblər.

Amma fakt odur ki bunlar həmişə “iş başında” olublar. Mətbuatda daha çox kriminal xof yaradan “reket jurnalistika” adlı “mediya xərçəngi” əlini-qolunu sallayıb dolaşıb indiyə kimi. Əlahəzrət fakt belədir. İstəsək də, istəməsək də.
A kişilər, guya neçə illərdir ki, əxlaq və mənəviyyatını bakirəliyi kimi ayaq altına atan, ərinə min cür rəzilliklə xəyanət edib, halal ailə namusuna, ər çörəyinə təpik atan, əvəzində “əzabkeş qadın” cildinə girib yalançı KİV vəsiqəsini cibinə qoyan, onun-bunun qollarında dolaşan əxlaqsız qadınlar, “jurnalist” sifətinə bürünüb mətbuatda at oynatmırlarmı?. Oynadırlar!. Özü də lap möhkəm.
Əsl peşəkar jurnalistika ilə məşğul olan, qələmi ilə tanınan və yüzlərlə oxucunun hər gün yeni yazılarını qəzet səhiflərində, elektron KİV-lərdə axtardığı qələm sahibləri aylıq məvaciblə birtəhər ailəsini dolandırmağa çalışırsa, əvəzində bu “reket jurnalistlər” bahalı “CİP”lərdə, “LEXSUS”larda gəzir, villalarda yaşayır, əlləri pulla “oynayırlar”. Hələ bu bir yana, normal jurnalistin illərlə nail ola bilmədiyi məqsədlərə, bunlar bircə zənglə nail olurlar. Bu, gerçəkdən əsl faciəli durumdur mətbuat üçün.
Yaradıcı təfəkkürü, mədəniyyəti və ziyalılığı bir tərəfə qoyuram, adicə iki kəlmə cümləni latın qrafikası ilə ard-arda yaza bilməyən, beyin hüceyrələrindən bir cümlə cəhənnəmə, iki-üç hərfi uyqun şəkildə sıraya düzməkdə cəhənnəm əzabı çəkən bu “əzabkeş qadın qrupu” neçə illərdir ki, peşəkar jurnalistikaya müsibətlər yaşatmırmı?-yaşadır. “Reket jurnalistika”nın “xaç ataları” həmişə öz məqsədinə çatmaq üçün bu cür qadın qruplarından məharətlə istifadə ediblər. Səbəb də artıq hamıya məlumdur məncə...
Bu reket “jurnalistlər”, ildə iki-üç dəfə dərc olunan, əsasən də küçə səviyyəli cızmaqaraların, daha çox bölgələrdəki vəzifəli şəxslərin, onların ata-babalarının, qohum-əqrəbasının şəninə deyilən ət ürpədən təriflərin yer aldığı kağız parçalarının “vəsiqələrini” cibinə qoyub, ortalıqda fırlanıblar, daima “iş başında olublar”. Yüz dəfə təəsüf ki, yenə də belədir...
Bunların “yemi” də daha çox, işində min bir “ÇEPESİ” olan rüşvətxor və o rüşvətdən dolayı da çiyinlərində cinayət “əbası” ilə dolaşan adamlar olub. Əslində isə, mətbuata bulaşmış bu “mediya xərçəngi” neçə illərdir ki, bizimlə yol gəlir. Yarı gizli, yarı aşkar. Bəlkə bu illər ərzində bu dərəcədə həyasız forma almayıb deyənə gözə də görünməyib. Amma indi vəziyyət başqadır.
İndi artıq o rüşvətxor “əbasında” dolaşanlar demək olar ki, ortada yoxdurlar. Niyə?.
Çünki Asan Xidmət sisteminin işə düşməsi ilə, illərin bürokrat icra əngəlləri də tarixin qəbiristanlığına gömüldü getdi.
Daha sadə vətəndaşlar rüşvətxor və bürokrat adamların qapılarının ağzında bir sənədə qol çəkdirmək üçün günlərlə, həftələrlə, həttda aylarla növbə gözləməli olmurlar. Daha kiməsə, “görüm-baxım” etmək üçün boğazından kəsib hansısa rüşvətxorun “boğazını yağlamaq” lazım olmur.
Bu reket “jurnalistlərin” də əsl qazanc yeri idi süründürməçi, bürokrat sənəd-sünəd işləri ilə məşğul olub “rüşvət gölündə” kef çəkənlər. Elədikləri cinayətlərə, aldıqları rüşvətə görə dili gödək olan və əməllərinin ifşa olunmasını istəməyən rüşvətxor və bürokrat adamlar, onları hədələyən və pul tələb edən reket jurnalistlərin dostu olublar həmişə. Həm də bu “dostluq” ona görə olub ki, həmin rüşvətxorlar elədikləri cinayətlərin dil-dodağa düşməməsi üçün bu “reket jurnalistlərin” hər dediklərini artıqlaması ilə yerinə yetiriblər.
İndi necə etmək lazımdır ki, bunların kökünü mətbuatdan birdəfəlik kəsim ataq?. İlk növbədə yazılı mətbuatla bağlı ciddi qərarlara ehtiyac var. Çünki bunların əsas ayaq açdığı məkan yazılı mətbuatdır. Onların və bir çox onların “davamçıları” olan yalançı “jurnalistlərin” ürəklərinin başında gəzdirdikləri və “çörək ağacı” kimi baxdıqları “qəzetləri” ortadan qaldırmaq lazımdır. Niyə,-çünki ayda ən azı 5-6 nömrə dərc olunmayan, işıq üzü görməyən qəzet necə ciddi mətbuat orqanı sayıla bilər ki?. Məhz ayda-ildə bir iki nömrə dərc olunan yalançı qəzetlərdir bunları “yaşadan”. Bunların elektron mediayaya “əl uzatmaları” bir qədər çətin məsələdir. Nə intellektual resursları imkan verir buna, nə də burda məskən salmaları üçün istədikləri şərait yoxdur. Düzdür, bəzi qeyri-ciddi saytlarda bunların “yuvaları” var. Amma o ayda bir-iki dəfə çıxan “qəzetlərdə” olduğu kimi deyil axı. Məncə biz günü bu gün bunun qarşısını almasaq, onları mətbuatdan əsl xərçəng yuvası kimi söküb atmasaq, onda mətbuatın “fatihəsi” barədə danışmalı olacayıq...

Mətləb Salahov

Bütün xəbərlər Facebook səhifəmizdə