Prezidentin sərt bəyanatı erməniləri düşünməyə vadar edib

Ermənistanda yeni Aprel müharibəsi qorxusu durmadan artır

BMT-nin Baş Assambleyasının 72-ci sessiyasında tarixi çıxış edən, çıxışını əsasən, Dağlıq Qarabağ münaqişəsinə həsr edən və bu istiqamətdə beynəlxalq aləmə olduqca əhəmiyyətli və qətiyyətli mesajlar verən Azərbaycan Prezidenti İlham Əliyev bununla bir daha sübut etdi ki, işğal altındakı ərazilərimiz qeyd-şərtsiz erməni işğalından azad olunmalıdır. Ölkə başçımızın məhz bu istiqamətdə etdiyi çıxışı erməni tərəfinin ciddi narahatlığına səbəb olub və bu amil düşmən ölkənin mediasında da kifayət qədər hiss edilməkdədir.

“Lragir.am” saytının baş redkatoru Aykazn Qaqriyan: “Məhz bu amil Azərbaycana müharibə etmək haqqını qazandırır, eləcə də həmsədrlərin, məsələn, Hoqlandın “vida” bəyanatındakı sərt ifadələrinə səbəb olur”

Belə ki, Ermənistanın “lragir.am” saytında erməni analitiki və adıçəkilən saytın baş redaktoru Aykazn Qaqriyanın dövlət başçımızın çıxışına həsr olunmuş təhlil yazısısında qeyd olunur ki, Azərbaycan Prezidentinin nitqi əsasən Qarabağ probleminə həsr olunub və Onun münaqişənin sülh yolu ilə həll olunmasına inamının itmədiyi barədə irəli sürdyü fikirləri ilə yanaşı, Ermənistanın təxribatları davam edərsə, öz vətəndaşlarını müdafiə etməsi ətrafındakı bəyanatına ciddi yanaşmaq lazımdır. “Prezident İlham Əliyev Aprel müharibəsini misal çəkərək bildirib ki, Azərbaycan Ordusu torpaqların bir hissəsini azad etdi”, - deyə ölkə başçımızın fikirlərini xatırladan erməni analitiki Azərbaycan Prezidentinin lazım gələrsə, 2016-cı ilin aprelində olduğu kimi işğalçını bir daha cəzalandırılacağı bəyanatını önə sürüb. O cümlədən, dövlət rəhbərimizin BMT-nin qəbul etdiyi dörd qətnaməsi əsasında erməni silahlı qüvvələrinin Azərbaycan ərazisindən çıxarılması, eyni zamanda 22 ildir, Ermənistanın BMT-nin vacib qətnamələrinə əməl etməməsi, həmçinin cavabdehsizliyi barədə bəyanatını yazan Aykazn Qaqriyan bununla Prezident İlham Əliyevin müharibə etmək haqqını irəli sürdüyünü təlaşla qeyd edib.

Əslində, erməni analitikinin bu barədə, yəni Azərbaycan Prezidentinin sərt bəyanatları ətrafında təlaşlı fikir bildirmələri əbəs deyil. Belə ki, erməni prezidenti Serj Sarkisyanın da BMT-dəki çıxışını şərh edən Aykazn Qaqriyan ölkə başçısının Qarabağın statusu və təhlükəsizlik qarantiyası barədəki fikirlərini önə sürüb və guya statusun müəyyənləşəcəyi halda ərazilər ətrafında müzakirələrin aparılmasından imtina edilməyəcəyini qeyd edib.

Digər tərəfdən, BMT-nin Baş Assambleyasının iclası ərəfəsində Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanın Ermənistanın Azərbaycanla ərazilər barədə danışıqlar aparması barədə bəyanatını xatırladan erməni analitiki həmçinin, erməni XİN-nin müavini Şavarş Köçəryanın tamamilə əks bəyanat verməsini uzlaşdırıb, o cümlədən, qondarma “DQR”-in “xarici işlər naziri” Karen Mirzoyanın işğal altındakı ərazilərimizin qondarma “respublikanın” saxta “konstitusiyasına” birləşdirildiyi və heç bir halda təhvil verilməyəcəyi barədə fikirlərini yada salıb.

Aykazn Qaqriyan analitik yazısında sual edir: “Bəs, bir-birinə əks olan bu bəyanatlar hansı mənanı daşıyır? Bu, çox yəqin ki, Ermənistanın Qarabağ məsələsində dəqiq mövqeyinin olmaması, ya da həmin mövqenin bilavasitə Rusiyanın konyukturası ilə bağlı olmasıdır. Məhz bu amil Azərbaycana müharibə etmək haqqını qazandırır, eləcə də həmsədrlərin, məsələn, Hoqlandın “vida” bəyanatındakı sərt ifadələrinə səbəb olur”.

“Ermənistan etiraf edir ki, danışıqların alternativi müharibədir. Bu demaqogiyadır, ona görə ki, müharibə hədəf deyil, vasitədir”-deyə yazan erməni saytının baş redaktoru Azərbaycan Prezidentinin hər çıxışında müharibə anonsu verdiyini, Ermənistanın isə bundan qorxacağını yazır.

“1in.am” saytının analitiki Sarqis Artsruni: “Əgər Sarkisyan Qarabağ məsələsində dövlət maraqlarını diaspora faktorunun effekti ilə təmin edəcəyini düşünürsə, bu zaman onun dividentləri çox qısa müddətli və keçici olacaq”

Digər erməni saytının - “1in.am”ın analitik yazarı Sarqis Artsruni də Azərbaycan Prezidenti İlham Əliyevin sərt bəyanatları ətrafında yazdığı şərhində qeyd edir ki, Azərbaycanın dövlət başçısı Aprel müharibəsini əsas gətirərək, bu müharibədə Qarabağa və ona bağlı olan üç rayona aid bir sıra ərazilərin azad edildiyini, nəticədə Bakının qalib olduğunu vurğulayıb. Eyni zamanda, Sarqis Artsruni də digər həmkarı Aykazn Qaqriyan kimi ölkə başçımızın lazım gələrsə, aqressorun bir daha cəzalandırılacağı bəyanatı barədə qeyd edib.

Sarqis Artsruni Serj Sarisyanın Qarabağ məsələsində erməni diasporasının dəstəyi barədəki fikirlərini də şərh edərək bildirib ki, o, bu vasitə ilə Qarabağ siyasətində irəliləyişlər əldə etməyi düşünür, yəni bu məsələyə “ümummilli xarakter” donu geyindirməyə çalışır. “Əgər Sarkisyan Qarabağ məsələsində dövlət maraqlarını diaspora faktorunun effekti ilə təmin edəcəyini düşünürsə, bu zaman onun dividentləri çox qısa müddətli və keçici olacaq”-deyə yazan erməni analitikinə görə, belə bir fikrin yürüdülməsi uğurlu nəticə verə bilməz.

Beləliklə, BMT-nin Baş Assambleyasının 72-ci sessiyasında çıxış edən Azərbaycan Prezidenti İlham Əliyevin səsləndirdiyi sərt və konkret tələbli bəyanatları üzərində baş sındıran erməni analitikləri Serj Sarkisyanın həmin bəyanatlar qarşısında aciz qaldığını nə qədər də acı olsa etiraf edirlər. Bu amil isə bir daha belə qənaətə gəlməyə zəmin yaradır ki, Azərbaycanın ədalətli mövqeyi və tələbləri artıq dünya birliyinin diqqət mərkəzindədir, Ermənistanın işğalçılıq siyasətinin son qoyulmasına isə çox az müddət qalıb.

Rövşən NURƏDDİNOĞLU

Bütün xəbərlər Facebook səhifəmizdə