Yalan, böhtan, saxta ideologiya və quru vədlər...

Necə itiriblərsə, bundan sonra da itirə-itirə getməkdə davam edəcəklər

Son günlər müxalifətin radikal və dağıdıcı qanadında cərəyan edən müxtəlif səpgili hadisələr bir daha belə qənaətə gəlməyə zəmin yaradır ki, yalan, şər-böhtan, saxta ideologiya və quru vədlər üzərində qurulmuş düşərgə “siyasi” cəhətdən bundan ötəyə gedə bilmək qabiliyyətində deyil.

Məsələn, götürək bir neçə gündür ki, ətrafında söz-söhbət gəzən “Turan” informasiya agentliyini. Halbuki, media sahəsində ümumiyyətlə, yer tutmağı bacarmayan agentlik və onun rəhbəri Mehman Əliyev indi də vergi borcunu ödəməməklə, ətrafında süni ajiotaj yaratmağa cəhdlər göstərir.

Mehman Əliyev 37 min bircu olduğunu öyrəndikdən sonra sevinib?

Əlbəttə, vergi borcunu, 37 min manatı ödəməmək üçün, o müxalifətin köhnə peşəsi olan haray-şivənçilik metodundan yararlanmağa çalışmaqla xarici dairələrin diqqətini özünə cəlb etməyə ümid edir. Ancaq gəlin görək, M.Əliyev ümumiyyətlə, həyatı boyunca xalq üçün, dövlət üçün maraqlar çərçivəsindən çıxış edibmi? Əsla! Onunla Əli Kərimli, İsa Qəmbər, Leyla Yunus, Xədicə İsmayıl və sair bənzər siyasətbazlar arasında ümumiyyətlə, heç bir fərq yoxdur. Hətta o dövlətə 37 min borcunun olduğunu öyrəndikdən sonra bəlkə də sevinib. Çünki ona işlədiyi erməni lobbisi tərəfindən olmayan yerdən səs-küy yaratmaq əmri verilib. Bu səbəbdən, siyasi həyasızlıq nümayiş etdirib, ondan vergi borcunu tələb edən strukturu məhkəməyə verir. Sonra da iddia edir ki, guya Azərbaycanda demokratik mühit sıxıntı içərisindədir və məhkəmələr sifarişlə işləyirmiş...

Fakt isə budur ki, M.Əliyev məhz demokratik mühitdən istifadə edərək, guya inanmadığı məhkəməyə müraciət edib. Yəni sübut edib ki, Azərbaycanda demokratiya da mövcuddur, məhkəmələr də şəffaf qaydada işini aparır. Əks halda, o bu addımlarını atmazdı.

Belə olmasaydı, Leyla Yunus Hollandiyada oturub dərhal Mehman Əliyevə qahmar çıxmazdı

O da əbəs yerə deyil ki, 2018-ci ildə keçirilməsi planlaşdırılan prezident seçkiləri ərəfəsində süni hay-haraylar qaldırmaq radikallara sərf edir. Misal üçün, M.Əliyevin fonunda biz siyasiləşmiş QHT-lərin də fəallıqlarını artıqdıqlarını görməkdəyik. Yəni bu fəallığın 2018-ci ildə keçirilməsi planlaşdırılan prezident seçkiləri ilə əlaqəsi olduğu barədə fikirlər irəli sürülür. Hətta “SDİ”-nin rəhbəri Leyla Yunusun siyasiləşmiş QHT-lərin əsas ideoloqlarından olduğu artıq müəyyən məsələlərlə və faktlarla sübuta yetirilir. Bu baxımdan, demək olar ki, maliyyə vəsaiti əldə etmək üçün beynəlxalq təşkilatlar və fondlarla Azərbaycanda siyasiləşmiş QHT-lər arasında vasitəçiliyi L.Yunus həyata keçirir. Belə olmasaydı, L.Yunus Hollandiyada oturub dərhal M.Əliyevə qahmar çıxmazdı. Üstəlik, bu məsələ ilə bağlı Azərbaycanda çalışan əlaltıları ilə gizli telefon danışıqları aparıb seçki öncəsi vəziyyəti qızışdırmağa çalışmazdı. Hər halda, yuxarıda da qeyd etdiyimiz kimi, bu ünsürlərin bir-birlərinə bağlılıqları mövcuddur, sadəcə bir amana bənddirlər ki, sözü bir yerə qoyub dövlət maraqları əleyhinə çıxış etsinlər, lobbiçi erməni aşnalarının xoşhallıqlarına nail olsunlar. Ancaq unudurlar ki, bu cür siyasətlərin Azərbaycanda yürüdülməsi məsələsi çoxdan qapadılıb. Nə M.Əliyev, nə də bu gün ona havadarlıq edən siyasiləşmiş QHT-lər, o cümlədən, AXCP, Müsavat kimi partiyalar heç nə əldə edə bilməyəcəklər. Əksinə, necə itiriblərsə, bundan sonra da itirə-itirə getməkdə davam edəcəklər.

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə