"Dərsliklər ciddi şəkildə düzəldilməlidir" Deputatlardan İRAD

Milli Məclisin Elm və təhsil komitəsinin bu gün keçirilən iclasında orta məktəb dərsliklərinin hazırlanması ilə bağlı müzakirələr aparılıb. SİA-nın xəbərinə görə, məsələ ilə bağlı çıxış edən komitə üzvü Musa Qasımlı dərsliklərin ciddi şəkildə düzəldilməsinin vacibliyini qeyd edib: “Bir dərslikdə nə qədər xronologiya, nə qədər adam adı ola bilər? Tarix dərsliklərinə verilən tələblər ayrıdır. Bizim dərsliklərimiz çox ciddi şəkildə düzəldilməlidir. Dərsliklərdə əsas ideya dövlətçiliyi aşılamalıdır, statistika aşılamamalıdır”.

Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Rafael Hüseynov isə çıxışında dərsliklər və dərs vəsaitləri ilə bağlı ayrıca qanun layihəsinin hazırlanmasını təklif edib. O bildirib ki, ölkəmizdə dərslik siyasəti ilə bağlı ciddi işlər görülməlidir: “Son dövrlərdə dərsliklərlə bağlı tənqidi fikirlər çox səslənir. Məsələnin aktuallığı nəzərə alınaraq, Təhsil Nazirliyinin Ekspertiza Şurası da yaradılıb. Mövcud dərsliklərlə bağlı doldurulmalı boşluqlar az deyil. Bu şəkildə davam edilsə, dərslik siyasətinin qənaətbəxş olduğu barədə nəsə deyə bilmərik. Dərslik siyasəti sahəsində qanunvericilik çərçivəsində müəyyənləşən istiqamətlərimiz olmalıdır. Hesab edirəm ki, dərsliklərdə nəyin hansı həddə olmasını müəyyənləşdirən qanun layihəsi olmalıdır. Elə parametrlər olsun ki, hansı müəllifin yazmasından asılı olmayaraq, həmin müddəalar nəzərə alınsın və nəzərdə tutulan parametrlərdən kənara çıxılmasın. Bu, qanunla idarə olunarsa, ayrı-ayrı dərsliklərdə çoxlu sayda xətaların ortaya çıxmasının qarşısı alına bilər”.

Deputat Kamilə Əliyeva isə bildirib ki, nə qədər ki, orta məktəb dərsliklərini ali məktəb müəllimləri hazırlayır, bu problem davam edəcək: “Vəziyyət o yerə çatıb ki, orta məktəb dərslikləri monoqrafiyaya dönüb. Axı niyə heç kimin ağlına gəlmir ki, burada yaş sensi nəzərə alınmalıdır. Orta məktəb dərsliklərini ali məktəb tələbəsi səviyyəsində hazırlayanda əlbəttə, ciddi problem olacaq. Hesab edirəm buna artıq bir əncam çəkilməlidir, inhisarçılıq olmamalıdır. Eybi yox, aralarında bir nəfər ali məktəb mütəxəssisi olsun. Amma ümumilikdə orta məktəb dərsliklərini orta məktəb təhsili üzrə mütəxəssislər hazırlamalıdır”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə