Təhlükəli məktəbli formalarından necə qorunaq? REPORTAJ

Yeni dərs ilinin başlanmasına az vaxt qalıb. Artıq valideynlər məktəbli formalarının axtarışındadır. Bəziləri Bakı Tikiş Evi (BTE) tərəfindən istehsal olunan məktəbli formalarına üstünlük versələr də, bəzi valideynlər məktəb bazarlığını kənar mağazalardan edirlər. Son vaxtlar bəzi kənar mağazalarda satılan formaların məktəblilərin sağlamlığı üçün ziyanlı olması ilə bağlı informasiyalar yayılmaqdadır.

Belə olan halda, valideynlərimiz məktəbli formalarını haradan və necə almalıdır? SİA bunu araşdırmağa çalışıb.

Bakı Tikiş Evinin satış şöbəsinin rəisi Etibar Əzimov bildirib ki, BTE yeni tədris ilinə tam şəkildə hazır olsa da, bu il alıcılıq qabiliyyəti ötən illərlə müqayisədə bir neçə dəfə aşağı düşüb: “Bunun səbəbi son 3 ildə başqa ölkələrdən Bakıya gətirilən saxta məktəbli formalarıdır. Həmin məktəbli formaları zirzəmi şəraitində tikilməklə yanaşı, kiloqram şəklində satılaraq paytaxt mağazalarının piştaxtalarına yerləşdirilir. Lakin burada ən böyük problem saxta məktəbli formalarının üzərinə BTE-yə məxsus nişanların vurulmasıdır. Belə olan halda, valideynlər işbazlar tərəfindən aldanaraq həmin formaları almış olurlar”.

Valideynlərə müraciət edən E. Əzimov söyləyib ki, saxta məktəbli formaları uşaqları təhlükə ilə üz-üzə qoya bilər: “Çünki həmin məktəbli formalarının mənbəyi mənşəyi bilinmir və heç bir gigiyenik sertifikata malik deyil. Belə məktəbli formaları uşaqlarda allergiya, müxtəlif səpkilər, əsəb pozğunluğu yaradır. Uşaqları bu cür təhlükəyə atmaq cinayətdir. Təbii ki seçim azaddır. Əgər kimsə məktəbli forması satmaq istəyirsə, o zaman bunu bizim adımızdan istifadə edərək deyil, təmiz məhsul ortaya qoyaraq laborator müayinələrdən keçirməklə etməlidir”.

Şöbə rəisinin sözlərinə görə, kənarda satılan məktəbli formalarının qiyməti ilə BTE tərəfindən tikilən məktəbli formalarının qiymətində cəmi 5 manat fərq var: “ BTE tərəfindən tikilən məktəbli formalarının parçası Türkiyənin Boss firmasına məxsusdur. Həmin parça Avropa laboratoriyası tərəfindən həm uyğunluq, həm də gigiyenik sertifikata malikdir”.

BTE-nin 15 satış mərkəzinin olduğunu deyən şöbə rəisi söyləyib ki, satış mərkəzləri Bakının bütün rayonlarını əhatə edir: “Hətta bizim Sumqayıt və Xırdalanda da satış mərkəzlərimiz fəaliyyət göstərir. BTE bütün məktəbliləri təmin edəcək bazaya malikdir. BTE tərəfindən tikilən məktəbli formaları 3 il müddətinə davamlıdır. Gündəlik ölçülərdə olan azalmaya əsasən məktəbli formalarının tikilməsi davam edir. Bir gün müddətində istənilən ölçülü məktəbli formalarını biçib, tikib mağazaları göndəririk”.

BTE-nin heç bir məktəblə nizamnaməsinin olmadığını deyən E. Əzimov vurğulayıb ki, valideynlər azad seçim hüququna malik olduğundan məktəbli formalarını istədikləri yerdən ala bilərlər: “Elə lisey və gimnaziyalar var ki, onların məktəb formaları fərqlidir. Bakı Tikiş Evi tərəfindən tikilən 4 model 2010-cu ildə Bakı şəhəri üzrə Təhsil İdarəsi, məktəb direktorları, valideynlər, şagirdlərin iştirakı ilə bir neçə dəfə baxış keçirildikdən sonra 50 modelin içindən seçilib. Məktəbli formaların hər biri üçün Azərbaycan Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən şərtlər toplusu təsdiq olunub və BTE-yə fərqlənmə nişanları təqdim olunub, müəlliflik hüququ verilib”.

Qiymətlərə gəlincə, şöbə rəisi bildirib ki, I-VI siniflər üçün nəzərdə tutulan 26-44 ölçülü məktəbli formalarının qiyməti 40 manat, yuxarı ölçülər isə 46 manat təşkil edir: “BTE tərəfindən məktəbli köynəkləri də tikilir. 26-54 ölçülü bütün köynəklərin qiyməti 8 manatdır. Köynəklərin tikilməsi üçün istifadə edilən pambıq parçalar Türkiyə istehsalıdır. Məktəblilər üçün nəzərdə tutulan jiletlər də ölçüsündən asılı olmayaraq 8 manata satılır”.

Məsələ ilə bağlı BTE-yə alış-verişə gələn bir neçə valideynin də fikrini aldıq.

BTE-də tikilən məktəbli formalarının keyfiyyətindən razı qalan valideyn bundan öncə aldığı məktəbli formasından 4 il müddətində istifadə etdiyini söylədi: “Bakı Tikiş Evində satılan məktəbli formaları gigiyenik qaydalara uyğundur. Digər mağazalarda satılan malların heç birinə etibar etmirəm. Çünki orada satılan malların heç biri keyfiyyətli deyil. Bir dəfə yuyulduqdan sonra paltar keyfiyyətini itirir. 3 qız anasıyam və neçə ildir ki, məktəb alış-verişini buradan edirik. Buradakı paltarların tikilişi səliqəlidir. Valideynlər kənarda satılanların qiymətinə aldanmamalıdır. 5 manat fərqə görə keyfiyyətsiz mal almağa dəyməz. Çünki əsas məsələ keyfiyyətdir”.

İlk dəfədir məktəb alış-verişi edən digər valideyn qohumlarının məsləhəti ilə BTE-yə gəldiyini dilə gətirdi: “Qohumların və qardaşımın uşaqları məktəbdə oxuduğundan onlar alış-verişlərini buradan edirlər. Mənə də BTE-yə gəlməyi onlar məsləhət gördülər. Bircə bildiyim odur ki, burada satılan formalar məhz Bakı istehsalıdır. İlk dəfə məktəbli forması aldığımdan, bu formaların digər mağazalarda satıldığından da xəbərim yoxdur. Paltarların keyfiyyəti isə normaldır”.

Ötən il kənarda satılan məktəbli formasını aldığı üçün peşman olan valideyn Bakı Tikiş Evində satılan formaların qiymətinin daha ucuz olduğunu dedi: “BTE-də satılan məktəbli formaları daha ucuz və keyfiyyətlidir. Ötən il məktəbli formasını başqa yerdən aldğım üçün peşman oldum. Ona görə də bu il üzümü BTE-yə tutdum. Məktəbli formalarının həm qiyməti, həm də keyfiyyəti məni qane edir”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə