Elektrik enerjisi, qaz və buxar istehsalı artıb

Yanvar-aprel aylarında sənayenin elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda 711,7 milyon manatlıq məhsul istehsal olunub və xidmətlər göstərilib. SİA Dövlət Statistika Komitəsinin məlumatına istinadən xəbər verir ki, ötən ilin eyni ayları ilə müqayisədə elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda 2,1 faiz artım müşahidə edilib. Sənaye məhsulunun 4,6 faizi məhz bu sektorda istehsal olunub.

Dörd ayda su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal edilmiş məhsulların həcmi isə 9,4 faiz artaraq 101,6 milyon manat olub. Sənaye məhsulunun 0,6 faizi həmin sektorda istehsal edilib.
Apreldə əvvəlki ayla müqayisədə elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, eləcə də su təchizatı, tullantıların təmizlənməsi və emalı sahələri üzrə sənaye məhsullarının istehsalçı qiymətlərində dəyişiklik baş verməyib.
Mayın 1-nə müəssisə və təşkilatlarda muzdla çalışan işçilərin 1,8 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sahələrində, 1,9 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda işləyib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə