Aqroturizmin inkişafına töhfə verəcək platforma “Agritour”

“Agritour” layihəsi çərçivəsində həm yerli, həm də xarici turistlər ölkəmizin turizm potensiallı aqrar sahələri ilə yaxından tanış ola biləcəklər. Bu layihənin reallaşdırılması, təkcə tanışlıq üçün deyil. Layihə eyni zamanda, ölkəmizin kənd təsərrüfatı sektoruna xarici investisiyanın cəlb edilməsinə də öz töhfələrini verəcək.

“Agritour” xarici turistlərə kənd təsərrüfatı üzrə tur və xidmətlərin təklif olunmasını da nəzərdə tutur

“Agritour” kənd təsərrüfatı müəssisələrinə, aqroparklara, istehsalat sahələrinə, fermalara və digər kənd təsərrüfatı komplekslərinə turistlərin cəlb olunmasını həyata keçirəcək rəqəmsal platformadır. Ölkəmizdə kənd təsərrüfatı və turizm sahələrinə böyük diqqətin ayrılması, turistlərin böyük marağına səbəb olacaq infrastrukturun mövcudluğu layihənin perspektivini daha da artırır. Layihənin məqsədi turistləri ölkəmizin kənd təsərrüfatı sahəsi ilə daha yaxından tanış edərək, müəyyən bilik və bacarıqlara yiyələnmələrinə şərait yaratmaq, bu sahəyə kiçik və orta biznes subyektlərinin daxil olmasını təşviq etmək, turizm resurslarından maksimum yararlanaraq yerli turizmə dəstək olmaqdır.
Həmçinin “Agritour” xarici turistlərə kənd təsərrüfatı üzrə tur və xidmətlərin təklif olunmasını da nəzərdə tutur. Bu da, öz növbəsində, xarici turistlərin Azərbaycanı, onun aqrar sektorunu daha yaxından tanımasına, təbii kənd təsərrüfatı məhsullarının dadına baxmalarına, kənd təsərrüfatı müəssisələri və şirkətləri ilə potensial biznes tərəfdaşlıqlarını gözdən keçirmələrinə səbəb olacaq. Dolayısı ilə, layihə ölkəmizin kənd təsərrüfatı sektoruna xarici investisiyanın cəlb edilməsinə səbəb ola bilər.

Aqroturizmə üstünlük verənlər üçün seçim imkanı yaradılacaq

Discover the country, not a city, yəni, “Şəhəri deyil, ölkəni kəşf et” devizi ilə bazara daxil olacaq “Agritour” veb-platforma və mobil tətbiqetmə formasında fəaliyyət göstərəcək. Daha dəqiq desək, ev sahibi və ya turu təşkil edən şəxs əvvəlcə qeydiyyatdan keçərək öz profilini yaradır və fermasının şəkillərini, təklif edəcəyi xidmətlər haqqında məlumatı profilində qeyd edir. Nəticədə hər bir xidmət təklif edən fermerlərin profilləri istifadəçilər tərəfindən rahatlıqla görülür və istifadəçi təklif olunan xidmətlərdən istədiklərini seçərək fermerlə razılıq əldə edir. Fermerlərin turistlərin yerləşdirilməsi, dequstasiya turlarının təşkili, istehsalat müəssisələrinə səfər, at sürmək, balıq tutmaq, xalçaçılıq və müxtəlif kənd təsərrüfatı fəaliyyətləri ilə məşğul olmaq kimi xidmətləri təklif etməsi nəzərdə tutulur. Eyni zamanda, istifadəçilər də qeydiyyatdan keçərək öz profillərini yarada və bütün səfərləri haqqında məlumat daxil edə, sürücülərə xidmət səviyyəsini ölçmək üçün reytinq verə bilərlər. Layihənin gedişində çox səfər etmiş istifadəçilər stimullaşdırıcı tədbirlər olaraq bonuslar və ödənişsiz səfər şansı da qazana biləcəklər.

Hədəf qlobal bazarda rəqabət aparmaqdır

Xüsusilə qeyd etmək lazımdır ki, “Agritour” layihəsi Kənd Təsərrüfatı Nazirliyinin dəstəyi ilə Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “İnnoland” İnkubasiya və Akselerasiya Mərkəzində “Kənd təsərrüfatı” mövzusunda seçilmiş startaplardan biri kimi akselerasiya proqramının iştirakçısıdır. Bu proqram startaplara digər startaplarla birgə işləmək, həmçinin peşəkar mentorlar tərəfindən dəstək almaq, gündəlik təlimlər, habelə investorlarla görüşlər kimi xidmətlər təklif edir.
Bu günlərdə istifadəyə veriləcək layihənin gələcək hədəfi isə Azərbaycan bazarında uğurla çıxış etdikdən sonra qlobal bazarda rəqabət aparmaqdır.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə