Belarus və Azərbaycan daha fəal əməkdaşlıq edəcəklər

“Belarus dəmir yolu” Dövlət Birliyi (DB) və “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti (QSC) Azərbaycan və Belarus arasında ticari-iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın 11-ci iclasının yekunlarına dair qarşılıqlı-faydalı əməkdaşlığa dair saziş imzalayıblar. Bu barədə BELTA informasiya agentliyi xəbər verir.

“Belarus dəmir yolları” DB-nin rəhbəri Vladimir Morozov bildirib ki, iki ölkənin dəmir yolu idarələri arasında qarşılıqlı fəaliyyət ənənəvi hal alıb və sazişin imzalanması təkcə aparılan mövcud işlərin rəsmiləşdiriıməsi ilə deyil, həm da onlara yeni impuls verilməsi ilə bağlıdır. “Belarusla Azərbaycan arasında daha rahat, dayanıqlı nəqliyyat əlaqəsinin yaradılması nəzərdə tutulur. “Şimal-Cənub” dəhlizinin inkişafı, Hindistan, İran, Azərbaycan, Rusiya və Belarusdan yüklərin daşınması üçün şərait yaradılması xüsusi əhəmiyyət kəsb edir. Sənəddə tarif və texnologiya istiqamətləri üzrə işçi qruplarının yaradılması nəzərdə tutulur. İki ölkə arasında ticarətdə malların 96 faizi dəmir yolu ilə daşınır. Biz bu göstəricinin daha yüksək olmasında maraqlıyıq. Bunun üçün ədalətli tariflər, yaxşı logistika xidmətləri və mütəhərrik heyət, həmçinin iki dəmir yolu idarəsinin dəqiq fəaliyyəti tələb olunur”, -deyə V.Morozov əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...