"Sənədin imzalanmasında Prezident İlham Əliyevin rolu böyükdür" AÇIQLAMA-ÖZƏL

“Artıq 22 il idi ki, Xəzərin hüquqi statusunun müəyyənləşdirilməsi ilə bağlı ağır müzakirələr aparılırdı. Bu illər ərzində həm İran, həm də Türkmənistan tərəfindən müəyyən narazılıqlar var idi. Uzun illər aparılan danışıqlardan sonra nəhayət ki, avqustun 12-də Qazaxıstanın Aktau şəhərində Xəzərin hüquqi statusuna dair Konvensiya imzalandı”. Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Rüfət Quliyev deyib.

Deputat bildirib ki, ABŞ şirkəti tərəfindən təsdiqlənən məlumata görə, Xəzərin dibində təxminən 6.5 milyard ton qaz və neft yataqları var: “Açıqlanan rəqəmlərin hesablanmasını aparsaq, o zaman bu, ölkələrə 8 trilyon dollar vəsait gətirəcək. Bununla bağlı verilən proqnozları isə 50 faizi daha çoxdur. Aparılan bölgü əsasında bu sərvətin sahibi kimi Qazaxıstandan sonra Azərbaycan ikinci yerdədir. Azərbaycan burada 20 faiz paya sahibdir”.

R. Quliyev söyləyib ki, imzalanan Konvensiyaya əsasən Xəzərin dibi göl, suyu isə dəniz kimi hesab olunur.

Mühüm tarixi sənədin imzalanmasında Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi diplomatiyanın böyük rolu olduğunu deyən R. Quliyev vurğulayıb ki, yalnız “Xəzər beşliyi” ölkələri rəhbərlərinin, xüsusilə də Azərbaycan tərəfinin güclü siyasi iradəsi, daim xoş qonşuluq siyasətinə sədaqəti və xoş məramı bu konvensiyanın imzalanması yolunda maneələrin aşılmasına imkan verib: “Azərbaycan prezidenti İlham Əliyev son 15 il müddətində aparılan danışıqlarda nümayiş etdirdiyi böyük diplomatiya, müdrüklük, Xəzəryanı ölkələrin dövlət başçıları ilə qurduğu münasibət məsələnin müsbət şəkildə həllində mühüm rola malik olan amillərdir. Məsələ ilə bağlı ən kritik məqamlarında belə Azərbaycan Prezidenti səbir nümayiş etdirərək, problemlərin təmkinlə həlli istiqamətində mühüm addımlar atıb”.

Deputat qeyd edib ki, sənədin imzalanması Xəzəryanı ölkələrin sıx qarşılıqlı fəaliyyəti, iqtisadi, nəqliyyat xarakterli məsələlərin, xalqlarımızın həyat səviyyəsinin yaxşılaşmasına kömək edəcək məsələlərin həlli üçün geniş perspektivlər açır:

“Bildiyiniz kimi Azərbaycanda Avropaya çəkilən gedən kəmərlərin qazla doldurulması üçün Qazaxıstan və Türkmənistanın razılığı vacib idi. Bir müddət budan öncə türkmən qazı ilə bağlı müəyyən problemlərin olduğu da hər kəsə məlum idi. Lakin hazırda bütün ölkələr xüsusən də Azərbaycan Konvensiyadan daha çox iqtisadi fayda təmin edəcək, Xəzərin karbohidrogen ehtiyatlarının Qərb bazarlarına daşınması üçün dənizin dibindən kəmərlər çəkilməsi üzərində maneə aradan qalxmış olacaq. Yaranmış əməkdaşlıq mühiti beynəlxalq yükdaşımalarında Xəzər beşliyi ölkələrinin payının artmasını xüsusi töhfə verəcək. Hazırda Avropa İttifaqı ilə Çin arasında yük daşımalarının 3 faizi regionun payına düşür, yeni əməkdaşlıq mühiti bu göstəricini yüksəltməyə imkan verəcək, Şimal-Cənub və Şərq-Qərb dəhlizlərinin inkişafına stimul olacaq”.

R. Quliyev əlavə edib ki, Xəzərdə tarixi razılaşma nəticəsində dondurulmuş və mübahisəli yataqlar birgə işləniləcək, Xəzəryanı dövlətlərə və xalqlara fayda gətirəcək.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...