Ötən il Azərbaycana gələn xarici turistlərin sayı 20 faiz artıb

Ölkəmizdə turizm sahəsinin hərtərəfli inkişafına yönəlmiş dövlət siyasəti son illərdə öz bəhrəsini verməkdədir.

Mədəniyyət və Turizm Nazirliyindən SİA-ya verilən məlumata görə, turistlərin rahatlığı üçün müasir infrastrukturun yaradılması, xidmət keyfiyyətinin yüksəldilməsi, həmçinin sadələşdirilmiş viza sisteminin tətbiqi ildən-ilə ölkəmizə gələn xarici turistlərin sayının artması ilə nəticələnib. Turist axınının artması, təbii olaraq, ölkəyə daxil olan vəsaitin də yüksəlməsinə müsbət təsir edir.

Azərbaycan Mərkəzi Bankının (AMB) təqdim etdiyi məlumatlara əsasən, respublikamıza gələn xarici vətəndaşların bank kartları üzrə əməliyyatları 2017-ci ildə 1 milyard manatdan çox olub. Bu da 2016-cı illə müqayisədə 70% artım deməkdir.

Azərbaycana gələn xarici vətəndaşların bank kartları üzrə əməliyyatlarının həcminə görə 2016-cı ildə iyun, dekabr və noyabr ayları seçilsə də, 2017-ci ildə avqust, iyul və sentyabr ayları daha çox fərqlənib. Təsadüfi deyil ki, 2017-ci ildə ölkəmizi ziyarət edənlərin də böyük hissəsi məhz iyul, avqust və sentyabr aylarında gələnlərdir.

Azərbaycanda fəaliyyət göstərən turizm şirkətlərinin sayı da son illər ərzində xeyli artıb. Turizm sahəsinin inkişafı və turizm xidmətlərinə artan tələbatla əlaqədar ötən ildə bu cür müəssisələrin sayı 100% dən çox artaraq 633-ə çatıb. Ölkəmizdə fəaliyyət göstərən mehmanxana və mehmanxana tipli yerləşdirmə vasitələrinin sayı isə 2017-ci ildə 686 olub.

Dünyanın müxtəlif ölkələrində turizmin inkişaf tempi, ölkəyə gələn turist axını 5-7 faiz arasında dəyişir. Ötən il Azərbaycana gələn xarici turistlərin sayı isə 20 faiz artaraq indiyədək qeydə alınan ən yüksək göstəriciyə - 2,7 milyon nəfərə çatıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...