TAPI kəmərinin yeni sahəsinin tikintisinə başlanacaq

Fevralın 23-də Türkmənistan-Əfqanıstan-Pakistan-Hindistan (TAPI) qaz boru kəmərinin Əfqanıstan sahəsinin tikintisinə start veriləcək. SİA-nın verdiyi xəbərə görə, elə həmin gün qaz kəməri ilə yanaşı, Türkmənistan-Əfqanıstan-Pakistan marşrutu üzrə elektrikötürmə xəttinin və optik-lifli rabitə xəttinin tikintisinin təməli qoyulacaq, Sərhətabad (Türkmənistan)-Turqundi (Əfqanıstan) dəmir yolu istismara veriləcək.

Elektrikötürmə xətti həm qaz kəmərinin ehtiyacı üçün, həm də region ölkələrinin elektrik enerjisi təminatı üçün nəzərdə tutulub. Rabitə xətti isə regionun qərbi ilə şərqi, şimalı ilə cənubu arasında telekommunikasiya körpüsü rolu oynayacaq.

Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov Nazirlər Kabinetinin bu yaxınlarda keçirilmiş iclasında qeyd edib ki, ölkənin energetika strategiyasında vacib aspektlərdən biri Türkmənistanın enerji ehtiyatlarının dünya bazarlarına çıxarılmasını, enerjidaşıyıcılarının nəqlinin etibarlığını və qorunmasını təmin edən çoxvektorlu beynəlxalq sistemin yaradılmasıdır. Q.Berdiməhəmmədov deyib: “Bu, özünün praktik təcəssümünü Türkmənistanın qlobal enerji təhlükəsizliyinin yeni arxitekturasının formalaşdırılmasına istiqamətlənmiş xarici siyasət təşəbbüslərində, həmçinin irimiqyaslı beynəlxalq energetika layihələrində əks etdirir. TAPI məhz belə layihələrdəndir”.

Ölkənin irimiqyaslı layihələrin icrası istiqamətində regionda səmərəli iş aparıldığını bildirən Türkmənistan Prezidenti xüsusi əhəmiyyət verilən TAPI qaz kəməri layihəsinin icrasını, həmçinin, energetika, rabitə, nəqliyyat və kommunikasiya sahələrində digər mühüm layihələri misal gətirib.

Q.Berdiməhəmmədov deyib: “Türkmənistan qazını Asiya ölkələrinə çatdıracaq TAPI qaz kəmərinin tikintisi müstəqil neytral dövlətimizin tarixinə qızıl hərflərlə həmişəlik həkk olunacaq”.

TAPI qaz boru kəmərinin Əfqanıstan sahəsinin tikintisinə, elektrikötürmə xətlərinin təməlqoyma və Sərhətabad-Turqundi dəmir yolu xəttinin açılışına həsr olunan tədbirlərdə layihənin iştirakçı-ölkələrinin, Mərkəzi Asiya regionu, həmçinin Azərbaycan, Gürcüstan və digər ölkələrin yüksəkvəzifəli nümayəndələri iştirak edəcəklər.

TAPI qaz xəttinin tikintisi 2015-ci il dekabrın 13-də başlayıb. Kəmərin tikintisi və istismarını həyata keçirən “TAPI Pipeline Company Limited” konsorsiumunun səhmlərini 85 faizinin sahibi “Türkmənqaz” dövlət konsernidir. Əfqanıstan qaz korporasiyası, Pakistanın “Inter State Gas Systems (Private) Limited” və Hindistanın “GAIL”şirkətləri bu konsorsiumda hərəyə 5 faiz paya malikdir. TAPI qaz kəmərinin trası Əfqanıstanın Herat və Qəndəhar, Pakistanın Kvetta və Multan şəhərlərindən keçərək Hindistan sərhədinin Fazilka yaşayış məntəqəsinədək uzanacaq. Boru xəttinin Türkmənistandan keçən hissəsinin ümumi uzunluğu 1600 kilometr olacaq.

Avropa İttifaqı TAPI kəmərınin Cənub Qaz Dəhlizinə birləşməsi məsələsini müzakirə edir. Bunun nəticəsində Avropa 2020-ci ildə Azərbaycan qazını ala biləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə