"Sərhəd-keçid məntəqələrində elektron sistem və məlumat mübadiləsi" mövzusunda seminar başlayıb FOTO

Dekabrın 18-də Bakıda “Sərhəd-keçid məntəqələrində elektron sistem və məlumat mübadiləsi” mövzusunda seminar başlayıb.

Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən SİA-ya bildirilib ki, “Azərbaycan və Gürcüstan arasında Sınıq Körpü sərhəd-keçid məntəqəsinin inkişafına dəstək” layihəsi çərçivəsində təşkil olunan seminarda Azərbaycan və Gürcüstan gömrük xidmətlərinin əməkdaşları iştirak edir.

Xatırladaq ki, “Azərbaycan və Gürcüstan arasında Sınıq Körpü sərhəd-keçid məntəqəsinin inkişafına dəstək” layihəsi Avropa İttifaqının maliyyə dəstəyi ilə Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı və Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi tərəfindən birgə icra olunur.

BMT İnkişaf Proqramının proqram rəhbəri Məzahir Əfəndiyev “Azərbaycan və Gürcüstan arasında Sınıq Körpü sərhəd-keçid məntəqəsinin inkişafına dəstək” layihəsi üzrə ötən müddətdə görülən işlər barədə məlumat verib. Proqram rəhbəri layihədə iştirak edən tərəflərə, o cümlədən ekspertlərə faydalı və məhsuldar əməkdaşlığa görə minnətdarlığını ifadə edib.

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Gömrük Nəzarətinin Təşkili Baş İdarəsinin rəisi, gömrük xidməti general-mayoru Cavad Qasımov Azərbaycan hökumətinin Avropa İttifaqı və BMT-nin İnkişaf Proqramı ilə çoxşaxəli əməkdaşlıq münasibətlərinə toxunaraq, bu əməkdaşlığın gömrük işi sahəsində də yer aldığını vurğulayıb. Ötən dövr ərzində bir neçə mühüm layihənin, hazırda isə “Azərbaycan və Gürcüstan arasında Sınıq Körpü sərhəd-keçid məntəqəsinin inkişafına dəstək” layihəsinin həyata keçirildiyini söyləyən Cavad Qasımov bundan sonra da qarşılıqlı fəaliyyətin, birgə əməkdaşlığın davam edəcəyinə ümidvar olduğunu bildirib.

Qeyd edilib ki, layihənin həyata keçirildiyi müddət ərzində BMT İnkişaf Proqramının təşkilatçılığı ilə mühüm işlər görülüb, Azərbaycan və Gürcüstan gömrük əməkdaşlarının fitosanitar nəzarəti sahəsində bilik səviyyəsinin artırılması məqsədilə təlimlər keçirilib və sözügedən sahədə Avropa İttifaqının təcrübəsi öyrənilib. Cavad Qasımov əmin olduğunu bildirib ki, növbəti seminar da gömrük xidmətinin müasir tələblər səviyyəsində qurulması işinə töhfəsini verəcək.

Gürcüstan Gömrük Xidmətinin rəis müavini Giorgi Kobeşavidze “Azərbaycan və Gürcüstan arasında Sınıq Körpü sərhəd-keçid məntəqəsinin inkişafına dəstək” layihəsinin hər iki ölkənin gömrük əməkdaşlığının və qarşılıqlı əlaqələrinin inkişaf etdirilməsində mühüm əhəmiyyət daşıdığını bildirib. Layihənin hər iki ölkənin sanitar və fitosanitar sahədə bacarıqlarının inkişafına şərait yaratdığını söyləyən rəis müavini, layihə çərçivəsində təlimləri aparan avropalı mütəxəssislərin də əməyini dəyərləndirib.

Seminar Litva Respublikasının Maliyyə Nazirliyi nəzdində Gömrük İdarəsinin gömrük nəzarətinin təşkili şöbəsinin müdiri Laimis Zlabisin təqdimatı ilə başlayıb. Təqdimatda Litva gömrüyünün fəaliyyəti barədə ətraflı məlumat verilib.

Təlim müddətində litvalı ekspertlər iştirakçıları sanitar, fitosanitar və baytarlıq məsələləri, eləcə də gömrüklə bağlı Avropa İttifaqının qanunvericiliyi, Avropa İttifaqının məlumat mübadiləsi mexanizmləri, qarşılıqlı məlumat mübadiləsinin faydaları, ərzaq və qeyri-ərzaq məhsullarına nəzarət və sair mövzuda məlumatlandırılacaq, həmçinin müzakirələr aparılacaq.

Seminar dekabrın 19-dək davam edəcək.

Müəllif: Ruqiyyə Nəcəfzadə

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...