Beynəlxalq Maarifləndirmə Həftəsi çərçivəsində Florida Beynəlxalq Universitetində Azərbaycana həsr olunmuş tədbir keçirilib

Florida Beynəlxalq Universitetində Azərbaycana həsr olunmuş tədbir keçirilib. Beynəlxalq Maarifləndirmə Həftəsi çərçivəsində keçirilən tədbirdə ölkəmizi Floridanın Azərbaycan-Amerika Mədəniyyət Assosiasiyasının üzvləri, Florida Beynəlxalq Universitetinin tələbələri Aydın Eminov və Elmar Orucov təmsil ediblər. Gənclər öz çıxışlarında Azərbaycan mətbəxi, irsi, coğrafiyası, tarixi və ölkəmizin turizm potensialı haqqında məlumat veriblər. Masaların üzərinə Azərbaycan suvenirləri, şirniyyatları, kitabları və s. düzülüb. Universitetin professorlarından biri qeyd edib ki, Azərbaycanı yaxından öyrənib və tədbir iştirakçıları üçün paxlava hazırlayıb. Salona toplaşanlar Azərbaycan çayı ilə şirniyyatların dadına baxıblar.

SİA xəbər verir ki, təqdimatda iştirak edən professorlar və tələbələr öz təəssüratlarından danışıb, ölkəmiz haqqında biliklərini bölüşüblər. Professorlardan biri qeyd edib ki, Azərbaycana iyirmi dəfəyə yaxın səfər edib və ölkəmizi çox sevir.

Florida Beynəlxalq Universitetində Beynəlxalq Maarifləndirmə Həftəsi hər il qeyd olunur. Proqramın məqsədi tələbələr və professorların başqa ölkələr və mədəniyyətlər haqqında biliklərini bölüşməsi, həmçinin bütün dünyada beynəlxalq təhsilin və tələbə mübadiləsinin üstünlüklərinin qeyd edilməsidir.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...