Azərbaycan kulinarları Beynəlxalq çempionatlarda uğurla iştirak ediblər

Azərbaycan Milli Kulinariya Mərkəzinin (MKA) beynəlxalq çempionatlarda iştirak edən kulinarlarımızın əldə etdikləri uğurlarına dair mətbuat konfransı keçirilib. SİA-nın məlumatına görə, Azərbaycan Milli Kulinariya Mərkəzi rəhbərinin müavini, Azərbaycan Milli Kulinariya Assosiasiyasının (AMKA) icraçı direktoru Ceyran Əsgərova kulinarlarımızın Daşkənddə "Özbəkistanın ləzzəti" kulinariya çempionatı və Ukraynanın Çernovtsi şəhərində "BestCookFest - 2019" Beynəlxalq Restoran Texnologiyaları Festivalında iştiraklarının yekunları ilə bağlı məlumat verib.

Qeyd edilib ki, Daşkənd şəhərində 30 ölkə komandasının iştirakı ilə "Özbəkistanın ləzzəti" kulinariya çempionatı keçirilib. Tədbir Dünya Kulinariya Təşkilatları Birliyi (WACS) və Dünya İslam Kulinariya Təşkilatları Birliyinin (WICS) birgə himayəsi ilə reallaşdırılıb. Tədbirdə Azərbaycan Milli Kulinariya Mərkəzinin baş direktoru, WICS-in Vitse-prezidenti Tahir Əmiraslanov çempionatın münsiflər heyətinə sədrlik edib. Çempionatda Azərbaycan komandası birinci yeri tutub. Səltənət Həsənova balıq yeməyi sinfində qızıl, vegetarian yeməyi sinfində gümüş medal qazanıb.

C.Əsgərova vurğulayıb ki, Ukraynada keçirilən "BestCookFest - 2019" Beynəlxalq Restoran Texnologiyaları Festivalında Azərbaycanı 3 nəfərdən ibarət nümayəndə heyəti təmsil edib. Beynəlxalq dərəcəli WICS hakimlərindən, AMKA-nın üzvləri Timur Pivkin, Ağa Salamov münsiflər heyətində təmsil olunub. Komanda üzvü Rüstəm Muxtarov bu yarışlarda modern yemək sinifində gümüş, milli mətbəx sinifində qızıl medal qazanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...