Bakıda məşhur meksikalı musiqiçilərin konserti təşkil olunub

İyunun 21-də Beynəlxalq Muğam Mərkəzində məşhur meksikalı musiqiçilər - Xavyer Nandayapa və Mirna Yamın konserti təşkil olunub.

SİA xəbər verir ki, konsert Meksikanın ölkəmizdəki səfirliyi, Beynəlxalq Muğam Mərkəzi, “Landmark” oteli və “Türk Hava Yolları”nın birgə təşkilatçılığı ilə reallaşıb.

Konsertdən əvvəl Meksikanın ölkəmizdəki səfiri Rodriqo Labardini çıxış edərək musiqili gecənin Xavyer Nandayapanın 30 illik səhnə fəaliyyətinə həsr olunduğunu söyləyib. İstedadlı musiqiçinin yaradıcılığını yüksək qiymətləndirən səfir qeyd edib ki, 1989-cu ildə “Marımba Nandayapa” qrupu ilə musiqi fəaliyyətinə başlayan Xavyer dünyanın bir sıra ölkələrinə səfər edərək solo ifa edib. İyirmi ildən artıq o, gənc marimba ifaçıları üçün ustad kursları keçib. Xavyer Nandayapa 2011-ci ildən Tabasko ştatı marimba ifaçılarının beynəlxalq festivalının bədii rəhbəridir.

Meksikanın zəngin mədəni irsindən bəhs edən səfir deyib ki, bu ölkənin qədim musiqi aləti olan marimba ksilofona bənzəyən zərb alətidir. Marimbada həm bayram və şənlik, həm də klassik konsert musiqisi ifa olunur.

Bütün xəbərlər Facebook səhifəmizdə