34 saylı Uşaq Musiqi Məktəbinin hesabat konserti keçirilib FOTOLAR

Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında Bakı şəhər Mədəniyyət Baş İdarəsinin Xətai rayonundakı 34 saylı Uşaq Musiqi Məktəbinin "28 May - Respublika Günü"nə həsr olunmuş hesabat konserti keçirilib. SİA-nın verdiyi məlumata görə, tədbirdə Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin rəisi Cəlil Məlikov, Xətai rayon İcra Hakimiyyətinin məsul işçiləri Pənah İmanov, Malik Hüseynov, musiqi məktəblərinin direktorları, valideynlər və şagirdlər iştirak ediblər.

Tədbiri 34 saylı Uşaq Musiqi Məktəbinin müəllimi Ülviyyə Nağıyeva açaraq bildirib ki, düz 101 il bundan əvvəl, 1918-ci il mayın 28-də Azərbaycan xalqının həyatında misilsiz hadisə baş verib: "Müsəlman Şərqində ilk dəfə olaraq parlamentli respublika olan Azərbaycan Xalq Cümhuriyyəti (AXC) qurulub. Cəmi 23 ay yaşamış AXC zəngin dövlət quruculuğu təcrübəsi ilə milli dövlətçilik tarixində silinməz izlər qoymuş, respublikanın gələcək müstəqilliyi üçün etibarlı zəmin hazırlamışdır. Yeni qurulan Azərbaycan Xalq Cümhuriyyəti öz üzərinə götürdüyü çətin tarixi vəzifəni şərəflə yerinə yetirdi. İki ilə yazın bir müddətdə yaşamasına baxmayaraq ilk respublika dövründə mühüm tədbirlər həyata keçirildi. Azərbaycanın ilk parlamenti və hökuməti, dövlət aparatı təşkil edildi. Ölkənin sərhədləri müəyyənləşdirildi, bayrağı, himni və gerbi yaradıldı. Ana dili dövlət dili elan edildi. Ölkənin ərazi bütövlüyü və milli təhlükəsizliyi təmin edildi. Qısa müddətdə yüksək döyüş qabiliyyətli ordu birləşmələri yaradıldı. Təhsil və mədəniyyətin inkişafına xüsusi diqqət yetirildi. AXC təcavüzə məruz qaldığı üçün qarşıya qoyduğu məqsədlərə tam müvəffəq ola bilmədən süquta uğrasa da, onun şüurlarda bərqərar etdiyi müstəqillik ideyası unudulmayıb. Azərbaycan xalqı ötən dövr ərzində milli dövlətçilik atributlarının bir çoxunu qoruyub saxlaya bilib. Ümummilli lider Heydər Əliyevin respublikada uğurla gerçəkləşdirdiyi siyasət xalqımızın tarixi-mədəni yaddaşını özünə qaytararaq milli mənlik şüurunu inkişaf etdirib, azərbaycançılıq məfkurəsi işığında müstəqillik arzularının güclənməsi və yaxın gələcəkdə yenidən həqiqətə çevrilməsinə zəmin yaradıb".

Sonra məktəbin direktoru Vəfa Həziyeva tədbirdə iştirak edənlərə, başda Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin rəisi Cəlil Məlikov olmaqla hər kəsə öz təşəkkürünü bildirib.

Sonra söz Xətai rayon İcra Hakimiyyətinin məsul işçisi Pənah İmanova verilib. O bildirib ki, 1918-ci ilin 28 mayında yaradılmış Azərbaycan Xalq Cümhuriyyəti çox çətin bir şəraitdə fəaliyyət göstərməsinə baxmayaraq, bu dövrdə Azərbaycan dövlətçiliyi üçün vacib olan bir sıra məsələlər həll edilmiş, siyasi, sosial və mədəniyyət sahəsində bir çox islahatlar həyata keçirilmişdir: "Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev 1993-cü ildə ölkəmizdə yenidən siyasi hakimiyyətə qayıtdıqdan sonra Azərbaycan Respublikasının Azərbaycan Xalq Cümhuriyyətinin varisi olduğunu daim çıxışlarında qeyd etmiş və xalq cümhuriyyəti dövrü tarixinin araşdırılmasına ciddi diqqət yetirmişdir. Ümummilli Lider Heydər Əliyevin “Müstəqilliyi əldə etmək nə qədər çətindirsə, onu qorumaq, möhkəmləndirmək bir o qədər də ağır və mürəkkəbdir” fikri müstəqilliyimizin nə qədər əbədi və sarsılmaz olduğunu bir daha təsdiq etmiş olur. Bu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlət başçısının sərəncamı ilə 2018-ci ilin Azərbaycan Respublikasında “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi də bunun bariz nümunəsidir".

P.İmanov şagirdlərin çıxışını yüksək qiymətləndirib.

Hesabat konsertinə şagirdlərin nümunəvi çıxışları ilə yekun vurulub.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...