Azərbaycan ilə Rusiya arasında Birgə Bəyanat imzalanıb

Azərbaycan Respublikasının mədəniyyət naziri Əbülfəs Qarayev ilə Rusiya Federasiyasının mədəniyyət naziri Vladimir Medinskiy arasında ikitərəfli görüş keçirilib. Mədəniyyət Nazirliyindən SİA-ya verilən xəbərə görə, görüşdən sonra tərəflər Azərbaycanın 2020-ci ildə Forumda “fəxri qonaq ölkə” statusunda təmsil olunması haqqında Birgə Bəyanat imzalayıblar. Qeyd edək ki, “fəxri qonaq ölkə” statusu forum müddətində müxtəlif tədbirlər keçirməklə Azərbaycan mədəniyyətinin təbliği üçün geniş imkanlar yaradır.

VII Beynəlxalq Sankt-Peterburq Mədəniyyət Forumu çərçivəsində keçirilən təntənəli imzalanma mərasimində iştirak edən Rusiya Federasiyası hökümət sədrinin müavini Olqa Qolodets və ölkəmizin Rusiya Federasiyasındakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlu, həmçinin hər iki ölkənin mədəniyyət nazirləri imzalanmadan sonra çıxış edərək ölkələrimiz arasında bütün sahələrdə olduğu kimi mədəniyyət sahəsində də əlaqələrin yüksək səviyyəli inkişafından məmnunluqlarını ifadə ediblər.

Daha sonra nazir Əbülfəs Qarayev Sankt-Peterburq Musiqi Liseyinin direktoru Vitaliy Romanov ilə görüşüb.

Forumun ikinci günü nazir Ə.Qarayev “Kreativ mühit və urbanistika” mövzusunda plenar iclasda, Asif Xanın müasir arxitektur cərəyanlar mövzusunda mühazirəsində və digər sessiyaslarda iştirak edib.

Forum öz işinə 18 noyabr tarixinədək davam edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə