Lənkəran teatrı mövsümü başa vurub

İyulun 20-də Lənkəran Dövlət Dram Teatrının yaradıcı kollektivi özünün 127-ci mövsümünü başa vurub. Bağlanış mərasimində teatrın direktoru Tofiq Heydərov, quruluşçu rejissor, əməkdar artist Adil Zeynalov hesabat xarakterli çıxışlarında yaradıcı kollektivin ötən mövsümdə əldə etdiyi uğurlardan və qarşıda duran vəzifələrdən söz açıblar. SİA-nın məlumatına görə, qeyd olunub ki, mövsüm ümumilikdə kollektiv üçün uğurlu keçib. Belə ki, ötən il dakabrın 1-dən 6-dək teatr İran İslam Respublikasının Həmədan şəhərində keçirilən 24-cü Beynəlxalq Uşaq və Gənclər Teatr Festivalında Pərvin Nurəliyevanın “Dəcəl keçi” tamaşası ilə çıxış edərək, bu mötəbər sənət yarışmasında diplomla mükafatlandırılıb. Teatrın Lerik və Astara rayonlarında Hafiz Mirzənin “Moskvalı gəlin” tamaşası ilə çıxışları da maraqla qarşılanıb.

Yola saldınan mövsümdə teatrda yeni - “Dabaş kəndinin məktəbi”, “Şaxta baba və pərilər”, “Korlar”, “Qaraca qız və xallı ifritə” tamaşaları təhvil verilib

Bildirilib ki, ötən mövsümün ən yaddaqalan hadisəsi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə teatrın aparıcı aktyoru Niftulla Əsgərovun “Əməkdar artist” fəxri ada layiq görülməsi olub.

Daha sonra teatrın quruluşçu rejissoru, Əməkdar artist Adil Zeynalov “Mövsümün uğurlu tamaşası”, aktrisa Qızılgül Quliyeva “Ən yaxşı qadın rolunun ifaçısı”, atrist Səyad Əliyev “ən yaxşı kişi rolunun ifaçısı” və quruluşçu rejissor Emil Əskərov “Ən işgüsar gənc sənətçi” nominasiyalarında Fəxri fərmanlarla təltif olunublar.

Teatrın bağlanış mərasimi Belçika yazıçısı, Nobel mükafatı laureatı Moris Meterlinkin “Korlar” tamaşasının nümayişi ilə başa çatıb. Gənc rejissor Emil Əskərovun Lənkəran səhnəsində debütü olan bu səhnə əsərində rolları Xalq artisti Qabil Quliyev, Əməkdar artist Sucəddin Mirzəyev, aktyorlar Şahrud Mehdiyeva, Əbülfəz Axundov, Əlibala Əsgərov, Qızılgül Quliyeva, Aynur Əhmədova, Emin Fərzullayev, Aysel Cahangirova, Günel Abbaszadə və Ülkər Quliyeva ifa ediblər. Tamaşanın quruluşçu rəssamı Tərlan Sadıqov, musiqi tərtibatçısı Fərahim Fərəcovdur.

Sərraf Mirsəfəroğlu

Bütün xəbərlər Facebook səhifəmizdə