Sumqayıtda Sabir Rüstəmxanlı ilə görüş keçirilib FOTOLAR

Sumqayıt Regional Mədəniyyət idarəsinin dəstəyi, S.Vurğun adına Mərkəzi Kitabxananın təşkilatçılığı ilə Xalq şairi Sabir Rüstəmxanlı ilə oxucuların görüşü keçirilib. SİA-nın məlumatına görə, tədbiri giriş sözü ilə açan S.Vurğun adına Mərkəzi kitabxananın direktoru Yeganə Əhmədova şairi salamlayaraq dəvəti qəbul etdiyinə görə təşəkkürünü bildirib.

Tədbirin aparıcısı şair Əşrəf Şəfiyev çıxış edərək Sabir Rüstəmxanlının yaradıcılığı və həyat yolu haqqında məlumat verib.

Sonra Xalq şairi Sabir Rüstəmxanlı çıxış edib. O, tədbirin təşkilatçılarına təşəkkür edərək belə tədbirlərin keçirilməsinin oxucular və yaradıcı adamlar üçün böyük əhəmiyyətindən danışıb. Şair çıxışında Azərbaycanın müstəqillik qazanması, milli ideologiya, Qarabağ problemi, Azərbaycan dilinə sevgi, dilin qorunması və digər məsələlərlə bağlı fikirlərini bölüşüb.

“Gənclərimiz ləyaqətli vətəndaş kimi yetişməli, vətənpərvər ruhda tərbiyə olunmalıdır” deyən şair onları Azərbaycan ədəbiyyatından uzaqlaşmamağa, Azərbaycan yazarlarının əsərlərini mütaliə etməyə çağırıb. Həmçinin. “Ədəbiyyat əbədi işdir” deyən şair ədəbiyyata gəlişi, yazdığı “Gəncə qapısı” əsəri və “Cavad xan” filmi haqqında danışıb.

Daha sonra rejissor Rövşən Almuradlı, şairlər Rafiq Yusifoğlu, Gülnarə Cəmaləddin, Almaz Əliyeva, Xatirə Fərəcli və digərləri çıxış ediblər.

Sonda Sabir Rüstəmxanlı oxucuların suallarını cavablandırıb, tələbələrə tövsiyyələrini verib, müxtəlif illərdə yazdığı şeirlərini ifa edib.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...