“Kimyanın davamlı inkişafda rolu”

İtaliyanın Azərbaycandakı Fövqəladə və Səlahiyyətli Səfiri cənab Auqusto Massari və İtaliya Milli Tədqiqatlar Şurasının Azərbaycanda səfərdə olan üzvləri - “Kinetics Technology” şirkətinin innovasiya strategiyası üzrə vitse-prezidenti Qaetano İaquaniello və Roma Tor Verqata Universitetinin professoru Massimiliano Barlettanın başçılığı altında bir qrup nümayəndə “Kimyanın davamlı inkişafda rolu” adlı beynəlxalq seminar proqramı çərçivəsində AMEA Mərkəzi Elmi Kitabxanasını (MEK) ziyarət ediblər.

SİA-nın məlumatına görə, MEK-in Kitabxana-xidmət şöbəsinin müdiri Aygün Səfərova qonaqlara kitabxananın yaranma tarixi və fəaliyyəti ilə bağlı geniş məlumat verib. İtaliyalı qonaqlar MEK-in yardımçı fondlarını, oxu zallarını gəzərək Şərq ədəbiyyatı və Nadir kitab fondunda saxlanılan nadir nüsxələrlə tanış olublar. Kitabxanın Akademiklər zalında yerləşən Diplomatik fond qonaqların xüsusi marağına səbəb olub. Səfir Auqusto Massari 20-yə yaxın ölkənin diplomatik nümayəndəliyinin təmsil olunduğu fondda İtaliya Respublikasına aid guşənin yaradılması üçün tələb olunan vəsaitlərin ən qısa zamanda kitabxanaya təqdim olunacağını bildirib.

Qonaqlar Sərgi salonunu gəzərək “Heydər Əliyev - 95”, “Azərbaycan Xalq Cümhuriyyəti - 100”, “İlham Əliyev”, “Xocalı soyqırımı” və “31 Mart soyqırımı” mövzusunda nümayiş etdirilən sərgilərlə yaxından tanış olublar. Qonaqların kitabxana ilə bağlı sualları cavablandırılıb, fikir mübadiləsi aparılıb.

Sonda qonaqlara Azərbaycan həqiqətlərinin tanıdılması baxımından əhəmiyyət kəsb edən və MEK-in Milli Rəqəmsal Yaddaş bazasına daxil edilmiş kitablar bağışlanılıb, xatirə fotosu çəkilib.

Bütün xəbərlər Facebook səhifəmizdə