“Sevilya bərbəri” operasının tamaşası olacaq

Mayın 6-da Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı ilə İtaliyanın Azərbaycandakı səfirliyinin birgə mədəni əməkdaşlıq proqramı çərçivəsində Coakkino Rossininin “Sevilya bərbəri” operasının tamaşası baş tutacaq.

SİA-nın məlumatına görə, tamaşada azərbaycanlı opera ustaları ilə yanaşı, italiyalı sənətkarlar da iştirak edəcəklər.

Operada aparıcı partiyalardan birini - Fiqaro partiyasını tanınmış italiyalı bariton Daniele Kaputo ifa edəcəkdir. D.Kaputonun vaxtaşırı Avropanın qabaqcıl teatr və konsert salonlarında böyük uğurla çıxış edir.

Tamaşanın dirijoru isə italiyalı dirijor Alessandro Kalkanenedir. O Avropa, ABŞ, Cənubi Koreyanın bir çox tanınmış simfonik orkestrləri ilə birgə çıxışlar etmişdir. Hazırda Milanın "Cantelli" orkestrinin baş dirijoru və İtaliyanın mötəbər musiqi festivalı "Milano: 5 Giornateperla Nuova Musica"nın bədii rəhbəridir.

"Sevilya bərbəri" operasının tamaşasında Azərbaycanın opera sənətini Teatrımızın solistləri - Xalq artisti Əli Əsgərov (Bazilio), Əməkdar artistlər İnarə Babayeva (Rozina), Fərid Əliyev (qraf Almaviva), Əkrəm Poladov (doktor Bartolo) və gənc vokalçı Nina Makarova (Berta) təmsil edəcəklər.

Bütün xəbərlər Facebook səhifəmizdə