“Azərbaycan tarixi” mövzusunda məktəblərarası viktorina keçirilib

AMEA Milli Azərbaycan Tarixi Muzeyinin Konfrans zalında Azərbaycan Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş məktəblərarası viktorina keçirilib. SİA-nın məlumatına görə, Azərbaycanın zəngin tarixinin öyrənilməsi, eyni zamanda Milli Azərbaycan Tarixi Muzeyinə və maarifləndirici yarışlara marağın artırılması məqsədilə təşkil olunmuş intelektual yarışda Xətai rayonu 55 nömrəli tam orta məktəb, Səbail rayonu T.Ismayilov adına 6 nömrəli məktəb-lisey və Səbail rayonundakı M.Rahim adına 7 saylı tam orta məktəbin müxtəlif siniflərinin şagirdləri iştirak edib.

Viktorinanın sualları muzeyin aparıcı elmi işçisi, t.ü.f.d. Bəhman Kərimov tərəfindən orta məktəblərin “Azərbaycan tarixi” fənni proqramı və Muzeyin elmi-ekspozisiyasına uyğun olaraq hazırlanıb. İştirakçılara 4 tur (“Tarix və hadisələr”; “Tarixdə şəxsiyyətlər”; “Şəhərlər və abidələr” və “Milli Azərbaycan Tarixi Muzeyini necə tanıyırsan ?”) üzrə təqdim edilən sualların qiymətləndirilməsi münsiflər heyətinə həvalə edilib.

Milli Azərbaycan Tarixi Muzeyinin direktoru, akademik Nailə Vəlixanlı, muzeyin Arxeologiya elmi-fond şöbəsinin müdiri, t.ü.f.d. Nasir Quluzadə, muzeyin Etnoqrafiya elmi-fond şöbəsinin elmi işçisi, t.ü.f.d. Tural Şiriyev və muzeyin Numizmatika və epiqrafika elmi-fond şöbəsinin b.e.i., t.ü.f.d. Aygün Məmmədovanın iştirakı ilə təşkil edilən münsiflər heyəti cavabların qiymətləndirilməsi və qaliblərin təyin edilməsinə nəzarət edib.

Hər biri 6 (altı) nəfərdən ibarət olmaqla 3 komandanın (Odlar yurdu, Xəzər, Sabah) iştirakı ilə keçirilən bilik yarışında 1 (bir) tur ərzində komandalara 7 (yeddi) sual verilib. Hər bir verilmiş suala 30 (otuz) saniyəlik düşünmə vaxtı təyin edilmiş, birinci komanda düzgün cavab vermədikdə, sualı cavablandırmaq haqqı növbəti komandaya ötürülüb.

Viktorinanın gərgin bilik yarışının yekununda I yer Odlar Yurdu, II yer Xəzər, III yer isə Sabah komandasına layiq görülüb. Qaliblərə diplomlar və hədiyyələr təqdim edilib.

Respublika İncəsənət Gimnaziyası və Bülbül adına orta ixtisas musiqi məktəbi müəllim və şagirdlərinin viktorinanın turlar arası fasiləsində təqdim etdikləri musiqi ifaları dinləyicilərin alqışları ilə müşayiət olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə