MEK Beynəlxalq Ana dili gününü şagirdlərlə qeyd edib

AMEA Mərkəzi Elmi Kitabxanasının (MEK) əməkdaşları 21 fevral Beynəlxalq Ana dili gününü Bilgəh qəsəbəsində yerləşən 11 saylı İnteqrasiya təlimli internat məktəbi ilə birlikdə qeyd edib.

SİA-nın məlumatına görə, məktəbin direktoru Gülnarə Abdullayeva qonaqları müəssisə ilə tanış edib, xüsusi qayğıya ehtiyacı olan uşaqların cəmiyyətə interqasiyası məqsədilə sinif otaqlarında, ixtisaslaşdırılmış emalatxanalarda və incəsənət guşələrində təhsil və əmək reabilitasiya imkanlarını nümayiş etdirib.

Sonra MEK əməkdaşları məktəbdə Beynəlxalq Ana dili gününə həsr olunmuş tədbirdə iştirak ediblər. Tədbirin Azərbaycanın dövlət himni ilə başlayan bədii hissəsində ümummilli lider Heydər Əliyevin Azərbaycan dili haqqında fikirləri, şagirdlərin ifasında Azərbaycanın görkəmli ədib və şairlərinin Bəxtiyar Vahabzadənin, Xəlil Rza Ulutürkün, Tofiq Bayramın ana dilimizə həsr etdiyi şeirləri səsləndirilib, Məmməd Səid Ordubadinin "Ana dili", Cəlil Məmmədquluzadənin "Anamın kitabı" əsərlərindən tamaşalar göstərilib, mövzuya aid musiqilər ifa olunub.

Tədbirdə çıxış edən MEK direktoru L.İmanova 11 saylı internat məktəbinin nümunəsində Azərbaycanda təhsilə, milli dəyərlərin təbliğinə, yaradıcılığa verilən önəmi, şagirdlərin təhsil mütəxəssisləri tərəfindən böyük qayğı və diqqətlə əhatə olunmasını xüsusi vurğulayıb. Sonda MEK əməkdaşları tədbir iştirakçılarının hər birinə içərisində onların adı yazılmış dünya və Azərbaycan müasir və klassik ədəbiyyatından nümunələri hədiyyə ediblər.

Məlumat üçün bildirək ki, Mərkəzi Elmi Kitabxana mütaliənin təbliği və kitab almaq imkanı məhdud olan əhali qruplarına, eləcə də təhsil müəssisələrinə kitabların əlçatan edilməsi məqsədilə 2015-ci ildən başlayaraq müxtəlif formatda kitab hədiyyəsi və açıq kitabxana aksiyaları keçirir. Təkcə son bir ildə aksiya çərçivəsində 88 təşkilata və ayrı-ayrı şəxslərə 12 mindən artıq kitab hədiyyə edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə