Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin 50 illiyi qeyd edilib

Bu il Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin 50 yaşı tamam olur. Bu münasibətlə Üzeyir Hacıbəyli IX Beynəlxalq Musiqi Festivalı çərçivəsində tədbir keçirilib.

Muzeyin direktoru, Əməkdar Mədəniyyət İşçisi Alla Bayramova mərasimdə çıxış edərək bildirib ki, yubiley münasibətilə silsilə tədbirlərin keçirilməsi, eləcə də sərgilərin təşkili planlaşdırılır.

Mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva muzeyin fəaliyyətini yüksək qiymətləndirərək deyib: “Bu illər ərzində Musiqi Mədəniyyəti Dövlət Muzeyində təkcə Azərbaycanın deyil, həm də digər ölkələrin musiqisinin inkişafına dair gözəl eksponatlardan ibarət kolleksiya toplanıb”.

Vurğulanıb ki, muzeyin rəhbərliyi bu mədəniyyət ocağının fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində böyük işlər həyata keçirib. Bu, yeganə muzeydir ki, nəzdində qədim musiqi alətləri ansamblı fəaliyyət göstərir. Muzeyin Bakıda üç filialı, o cümlədən Qara Qarayevin, Niyazinin və Vaqif Mustafazadənin ev-muzeyləri fəaliyyət göstərir.

Mərasimdə Ömər Xəyyamın rus dilinə tərcümə edilmiş rübailəri əsasında Qara Qarayevin 1944-cü ildə bəstələdiyi altı romansının təqdimatı keçirilib. Bu materialı Alla Bayramova Rusiyanın ədəbiyyat və incəsənət arxivində tapıb və onların surətini Bakıya gətirib. Tədbirdə qədim musiqi alətləri ansamblı çıxış edib, Ü.Hacıbəyli, Q.Qarayev, Niyazi, A.Zeynallı və C.Hacıyevin əsərləri səsləndirilib.(AZƏRTAC)

Bütün xəbərlər Facebook səhifəmizdə