Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının (ADGTT) direktoru Əməkdar incəsənət xadimi, ASSİTEJ-Azərbaycan Milli Mərkəzinin prezidenti Mübariz Həmidov İsrailli həmkarı – İsrail Gənc Tamaşaçılar Teatrının direktoru və aktyoru Şaul Tiktinerlə görüşüb.

Teatrın mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, işgüzar və yaradıcı şəraitdə keçən görüşdə Azərbaycan-İsrail Teatr əlaqələri və iki teatr truppasının iştirakı ilə yeni layihələrin həyata keçirilməsi barədə müzakirələr aparılıb. Bildirilir ki, İsrail Gənc Tamaşaçılar Teatrı yeni mövsümdə Azərbaycana səfər edəcək. Dövlət Gənc Tamaşaçılar Teatrında İsrail Gənc Tamaşaçılar Teatrının tamaşalar nümayiş etdirməsi barədə razılıq əldə olunub.

M.Həmidov bildirib ki, İsrailin Tel-Əviv şəhərində fəaliyyət göstərən Gənc Tamaşaçılar Teatrı ilə yaradıcılıq əlaqələrinin qurulması bizim üçün maraqlıdır: "Çünki biz müxtəlif ölkələrdə beynəlxalq festivallarda iştirak edərkən İsrailli həmkarlarımızla tanışlığımız olub. Onlar Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı, onun repertuarı haqqında artıq məlumatlıdırlar və bizimlə yaradıcılıq əməkdaşlığı etmək arzusundadırlar. Bu bizim İsrailli həmkarlarımızla ilk beynəlxalq layihəmiz olacaqdır. Ümid edirəm ki, bu layihəni də uğurla həyata keçirəcəyik”.

Danışaqlardan əldə olunan razılığa əsasən, İsrail Gənc Tamaşaçılar Teatrı yeni teatr mövsümündə ADGTT-nin səhnəsində “Bremen musiqiçiləri” və “Balaca şahzadə” tamaşaları ilə çıxış edəcək. Sonra isə ADGTT-nin kollektivi Tel-Əvivə səfər edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə