Rusiya prezidenti Vladimir Putin noyabrın 15-16-da İndoneziyanın Bali adasında keçiriləcək G20 sammitində iştirak etməyəcək.
SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, bu barədə İndoneziya hökumətinin sözçüsü məlumat verib.
Qeyd edək ki, məlumatı Rusiyanın İndoneziyadakı səfirliyi də təsdiqləyib. Eyni zamanda, hər iki tərəf Putinin sammit çərçivəsindəki görüşlərdən birində onlayn şəkildə iştirak edə biləcəyini də təklif edib.
Beləliklə, Rusiyanı sammitdə xarici işlər naziri Sergey Lavrov təmsil edəcək. Bu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib. Eyni zamanda, cümə axşamı səhər saatlarında Rusiya nümayəndə heyətinin sammitə gəlməyəcəyi ilə bağlı məlumatlar da məlum olub.
İndoneziyanın dənizçilik və investisiyalar naziri Codi Mahardi də “Reuters” agentliyinə Vladimir Putinin tədbirdə iştirakdan imtina etdiyini, Rusiya xarici işlər naziri Sergey Lavrovun isə videobağlantı vasitəsilə görüşlərdən birinə qatılmaq niyyətində olduğunu bildirib.
Xatırladaq ki, iyul ayında Balidə keçirilən G20 xarici işlər nazirlərinin konfransında Rusiyanın xarici işlər naziri Sergey Lavrov özünü təcrid vəziyyətinə saldığı üçün iclası vaxtından əvvəl tərk etmişdi.
Onu da qeyd edək ki, bundan əvvəl İndoneziya hakimiyyəti digər ölkələrin təzyiqi ilə üzləşsələr belə, Rusiyanın sammitə dəvətini geri götürməyəcəklərini bildirmişdilər.
Yeri gəlmişkən, yəqin yadınızda olar, noyabrın 3-də Ukrayna prezidenti Vladimir Zelenski Vladimir Putinin sammitdə iştirak edəcəyi təqdirdə, sammitdə iştirakdan imtina edəcəyini bildirmişdi. Bununla belə, noyabrın 8-də Kiyev buna baxmayaraq, Zelenskinin sammitdə “müəyyən formatda” - ola bilsin ki, onlayn şəkildə iştirak edəcəyini təsdiqləmişdi.
Qeyd edək ki, ABŞ və Çin prezidentləri Balidə keçiriləcək G20 toplantısında iştirak edəcəklər.
Onu da xatırladaq ki, Bayden daha əvvəl Balidəki sammitdə Ukraynada nizamlanma mövzusunu qaldıracağına söz verib.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB