Bu arada Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan 2023-cü ilə təyin edilmiş prezident və parlament seçkiləri öncəsi qadınların hicab taxmaq hüququnun ölkə Konstitusiyasında təsbit edilməsi məsələsinin referenduma çıxarılmasını təklif edib.
SİA-nın əldə etdiyi məlumata görə, Türkiyənin müxalif Cümhuriyyət Xalq Partiyası (CHP) da 2023-cü il seçkilərində qalib gələcəyi təqdirdə hicab qadağası etməyəcəyinə söz verib.
Qeyd edək ki, hicab məsələsi onilliklərdir ki, müsəlman, lakin dünyəvi Türkiyədə acı mübahisələrin mərkəzindədir. Xatırladaq ki, 2013-cü ildə Türkiyə hakimiyyətin demokratiyanı gücləndirmək məqsədi daşıdığını dediyi islahatların bir hissəsi olaraq qadınların dövlət idarələrində hicab taxmasına qoyulan qadağanı ləğv etdi. Amma indi belə görünür ki, Türkiyə parlamenti tezliklə qadınların dövlət işlərində, məktəblərdə və universitetlərdə hicab taxmaq hüququnun olub-olmaması barədə qərar verməlidir.
Bu arada Ərdoğan, parlamentarilər razılığa gələ bilməsələr, məsələnin referenduma çıxarılacağını bildirib. O, partiyasının səyləri sayəsində türk qadınlarının nəhayət hicab taxmaq azadlığını əldə etdiyini də vurğulayıb.
Qeyd edək ki, Türkiyədə 2013-cü ilə qədər dövlət müəssisələrində, məktəblərdə və universitetlərdə hicab taxmağa məhdudiyyət var idi.
Türkiyəli jurnalist və analitik Əminə Uçok deyir ki, türk qadınları məktəb və universitetlərdə, eləcə də işlədikləri hər hansı ictimai təşkilatda hicab taxmağı qadağan edən qanunlara qarşı on illərdir ki, mübarizə aparırlar. Jurnalistin dediyinə görə, onların çoxu hicablı olduqları üçün iş yerlərini itiriblər və hələ də əvvəlki fəaliyyətlərinə qayıda bilmirlər.
Bu arada, yuxarıda da qeyd edtdiyimiz kimi, müxalif Cümhuriyyət Xalq Partiyasının lideri Kamal Kılıçdaroğlu 2023-cü il prezident seçkilərində qalib gələrsə, hicab qadağası qoymayacağına söz verib. Maraqlıdır ki, o bununla bağlı videomüraciət yayıb.
Belə ki, o videomüraciətində qadağanın siyasi motivli olduğunu qeyd edərək, qadınların müsəlman paltarı geymək hüququnu hüquqi cəhətdən təmin edən qanun layihəsini açıqlayıb. Kılıçdaroğlu keçmişdə hicabın müasir demokratiyaya təhdid olduğunu, ictimai asayişə, ictimai sülhə və birliyə ziyan vurduğunu da bəyan edib.
Yeri gəlmişkən, türkiyəli analitik İstar Gözəydin hesab edir ki, CHP-nin mövqeyinin dəyişməsi... haradasa Ərdoğan tərəfdarlarını cəlb edə bilər, çünki onlar sanki İslam siyasi kursunu dəstəkləyir və ölkədəki iqtisadi böhrandan beziblər.
Amma maraqlıdır ki, CHP-nin seçkiöncəsi bu təbliğatını başqa yerə, yəni ənənəvi “elektorat artımına” yozanlar da yox deyil.
Sonda xatırladaq ki, Türkiyənin Metropoll Strateji və Sosial Araşdırmalar Mərkəzinin statistikası göstərir ki, ölkə əhalisinin 83 faizdən çoxu qadınların hicab taxmaq hüququnun olmasının tərəfdarıdır.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB