Ukraynada yerləşdirilən ABŞ hərbçilərindən ibarət kiçik bir qrup Ukrayna ordusunun Qərb ölkələrindən aldığı silahların ciddi uçotunu aparmasını təmin etmək üçün yoxlamalar aparır.
SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, bu barədə Pentaqonun sözçüsü məlumat verib.
Onun dediyinə görə, yoxlamalar ABŞ-ın Kiyevdəki hərbi attaşeləri və Müdafiə Əməkdaşlığı İdarəsinin üzvləri tərəfindən aparılır.
Qaydalara görə, guya onlar cəbhə xəttinə yaxın ərazilərdə yoxlama apara və ya fəaliyyət göstərə bilməzlər.
Verilən məlumatlara görə, bu yoxlamalar Qərb paytaxtlarının Ukrayna silahlı qüvvələrinə bağışlanmış müasir Qərb silahlarının Rusiya ordusunun, onun müttəfiqlərinin və ya ekstremist qrupların əlinə keçməməsinə əmin olmaq üçün aparılan kampaniyanın bir hissəsidir.
Kampaniyanın başlanması Dövlət Departamenti tərəfindən ötən həftə elan edilib.Onu da bildirək ki, bu, Konqres üzvlərinin Ağ Evdən Ukraynaya hərbi yardım üçün ayrılan milyardlarla dolların məhz nəyə sərf edildiyi barədə hesabat verməsini tələb edən sorğularına cavab olaraq həyata keçirilir.
“Associated Press” xəbər agentliyinin məlumatına görə, Dövlət Departamenti Ukrayna ilə müasir silahların, xüsusilə raket və hava hücumundan müdafiə sistemlərinin istifadəsinə birgə nəzarəti gücləndirəcək uzunmüddətli plan hazırlayıb.
Qeyd edək ki,bura potensial silah qaçaqmalçılığının qarşısını almaq üçün ölkə sərhədlərində təhlükəsizlik tədbirlərinin artırılması da daxil ediləcək.
Sonda xatırladaq ki, Ukrayna ekstremist qrupların böyük marağına səbəb ola biləcək minlərlə portativ zenit və tank əleyhinə sistemlər alıb.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB