Bu arada Rusiya miqrasiya siyasətində dəyişiklik etdiyini açıqlayıb. Qeyd edək ki, dəyişiklik barədə hansı yeniliklərin təfərrüatları hələ dərc edilməsə də, lakin ekspertlər rusların miqrasiya siyasətinin miqrantlar üçün daha da sərtliyə doğru dəyişəcəyinə əmindirlər.
Rusiyanın miqrasiya sahəsi bu ölkənin Təhlükəsizlik Şurasının oktyabrın 19-da keçirilən iclasının əsas mövzusuna çevrilib. Xatırladaq ki, iclasdan sonra Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev 2022-ci ilin sonunadək Dövlət Miqrasiya Siyasəti Konsepsiyasına dəyişikliklərin edilməsini açıqlayıb.
Əslində rəsmi dəyişikliklərə ehtiyac Ukraynanın cənub-şərq vilayətlərindən 5 milyon sakinin Rusiyaya daxil olması ilə əlaqələndirib. Təhlükəsizlik Şurası rəhbərinin sözlərinə görə, qanunvericilik dəyişiklikləri miqrasiya nəzarətinin gücləndirilməsini, həmçinin “miqrantların kompakt yaşadıqları yerlərdə asayişin qorunması üzrə genişmiqyaslı tədbirləri” nəzərdə tutur.
Yeri gəlmişkən, Rusiya prezidenti Vladimir Putin də miqrasiya siyasətinin potensial çağırışlar fonunda korrektə edilməsinin vacibliyini bildirib.
Bir daha xatırladaq ki, Rusiyada miqrasiya siyasətini tənzimləyən yeni qanun layihəsini bu ilin aprelində miqrasiya siyasəti üzrə komissiyaya rəhbərlik edən Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev elan edib. Qeyd edək ki, Medvedev Rusiyada əcnəbilərə qarşı mövcud nəzarət tədbirlərinin “etnik anklav” və “cinayət ocaqlarının” yaranmasından qorunmaq iqtidarında olmadığını bildirmişdi.
Yeri gəlmişkən, Rusiyanın yüksək rütbəli siyasətçilərinin bəyanatları və mövcud miqrasiya siyasətinin dəyişdirilməsi təşəbbüsü artıq miqrantlar, hüquq müdafiəçiləri və jurnalistlər arasında müxtəlif söz-söhbətlərə və fərziyyələrə səbəb olmaqdadır.
...Maraqlıdır, rusların miqrantlar üçün tətbiq edəcəyi yeni dəyişikliklərin özəllikləri nədir?
Məsələn, Rusiyada miqrasiya siyasəti sahəsində ekspert kimi tanınan Sergey Abaşinin qənaətincə, yeni qaydalar miqrantlara statusundan və tutduğu vəzifədən asılı olaraq təsir edəcək.
Ekspertə görə, rusların tətbiq edəcəkləri bir-neçə sərt şərtlərlə razılaşan bəzi miqrantlar, qalıb işləməyə davam edəcəklər və bəlkə də onlar üçün bu, sərfəli sistem olacaq, çünki bu cür nəzarət, bir tərəfdən, miqrantları məhdudlaşdırır. Digər tərəfdən, onun bir növ sabit işi varsa, müəyyən zəmanətlər və statuslar verə bilər.
...Amma miqrantların müəyyən hissəsi üçün bu, böyük problem olacaq və bu kateqoriya tədricən Rusiyadan sıxışdırılacaq.
Qeyd edək ki, bu gün bəzi, xüsusən də, Mərkəzi Asiya ölkələri üçün əmək miqrasiyası əksər ailələr üçün əsas gəlir mənbələrindən biri olaraq qalır. Məsələn, Tacikistanda müxtəlif illərdə miqrantların pul köçürmələri ÜDM-in 40 faizinə çatıb.
Yeri gəlmişkən, 2021-ci ildə Rusiya Mərkəzi Bankının məlumatına görə, Tacikistana 1 milyard 795 milyon dollar köçürülüb ki, bu da respublikanın ÜDM-nin 23 faizinə bərabərdir.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB