Avstriya ilə Macarıstan Serbiyaya kömək edəcək

Avropa İttifaqına (Aİ) üzv ölkələrdən Avstriya ilə Macarıstan artan miqrant axınının qarşısının alınması üçün Serbiyaya dəstək olacaq. SİA xəbər verir ki, Belqradda Avstriyanın daxili işlər naziri Qerhard Karner, Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto və Serbiyanın daxili işlər naziri Aleksandr Vulinin iştirakı ilə miqrasiya probleminin birgə idarə olunması üçün görüş keçirilib.

Görüşdən sonra mətbuat konfransında Q.Karner transsərhəd cinayətlərin sərhədyanı əməkdaşlığın əhəmiyyətini bir daha nümayiş etdirdiyini, Avstriya, Macarıstan və Serbiyanın sərhəd təhlükəsizliyi məsələsində birgə fəaliyyət göstərəcəklərini bildirib. O, Avstriya polisinin Avstriya-Macarıstan və Serbiya-Macarıstan sərhədinə nəzarət edəcəyini deyib.

Ölkəsinin müxtəlif istiqamətlərdən miqrasiya problemi yaşadığını qeyd edən P.Siyarto Serbiya ilə cənub sərhədinin davamlı təzyiq altında olduğunu bildirib. Deyib ki, Macarıstan Serbiya sərhədindən gələn 195 min qanunsuz miqrantın qarşısını alıb.

A.Vulin isə Serbiya, Avstriya və Macarıstanın təkcə sərhədlərini deyil, həm də vətəndaşlarının rifahını qorumaq üçün birgə fəaliyyət göstərdiklərini vurğulayıb.

Qeyd edək ki, Serbiya-Macarıstan sərhədi son dövrlərdə Avropaya qeyri-qanuni miqrasiya yollarından birinə çevrilib.

Bütün xəbərlər Facebook səhifəmizdə