"Apple" şirkəti rusiyalı işçilərini Qırğızıstana köçürüb

“Vedomosti” xəbər verir ki, Amerika texnologiya nəhəngi “Apple” rusiyalı əməkdaşlarını Qırğızıstana köçürüb.

Nəşrin həmsöhbətinin sözlərinə görə, “Apple”ın rusiyalı əməkdaşlarının köçürülməsi bu ilin yazında planlaşdırılıb. Eyni zamanda texnologiya nəhənginin Rusiya filialının top menecmenti Dubay və Londona köçüb və sıravi işçilərin Qırğızıstana köçürülməsinə qərar verilib. “Apple” şirkətinin hökumət işləri üzrə hazırkı rəhbəri Nazim Turdumambetov bu ölkədəndir və əvvəllər digər xarici şirkət “Philips”də də analoji vəzifədə çalışıb.

Qeyd edək ki, Rusiyanın Ukraynaya genişmiqyaslı işğalı başlayandan sonra bir sıra iri xarici şirkətlər öz işçilərini bu ölkədən köçürməyə başladılar.

Belə ki, “Huawei” öz işçilərini yerləşdirmək üçün Qazaxıstan və Özbəkistanı seçdi və “Google” işçilərini Dubaya köçürmək istədi, lakin onlar “iqlim və məsafə səbəbindən” BƏƏ-yə köçməkdən imtina etdilər.

Xatırladaq ki, martın 2-də “Apple re:Store” mağazaları Moskvadakı fəaliyyətini dayandırıb. “Apple” həmçinin Rusiyadakı rəsmi onlayn mağazasında avadanlıq satışını da dayandırıb. Şirkət həmçinin Rusiyadan kənarda App Store-da Sputnik və RT proqramlarının bloklandığını elan edib.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə