Doqrudanmı, rusların çağırışçı sayı 300 min nəfər olacaq?

...əslində səfərbərliklə bağlı qəbul edilmiş bu sənəd bir milyona qədər insana zəng etməyə imkan verir
Doqrudanmı, rusların çağırışçı sayı 300 min nəfər olacaq?

Rusiya hərbi xidmət keçməli olanların, ilk növbədə səfərbərliyə yararlı yaşda olan kişilərin ölkədən çıxışını qadağan edə bilər.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə bəzi rus nəşrləri “Xodorkovski LIVE” kanalına istinad ediblər. Amma maraqlıdır ki, kanal özü bu xəbərin anonim mənbələrdən, o cümlədən Kreml və Rusiya Federasiyasının Federal Təhlükəsizlik Xidmətinə yaxın olan mənbələrə istinadən xəbər verdiyini bildirib.

Qeyd edilir ki, qadağanın sentyabrın 26-da, bazar ertəsi günü baş verə biləcəyi iddia edilsə də, amma sonradan “Meduza” nəşri bunun təxminən sentyabrın 28-də reallaşacağını bildirib. Mənbənin sözlərinə görə, qadağa hərbi xidmətə çağırılan kişilərə şamil ediləcək və sentyabrın 30-dək qüvvəyə minəcək. “Xodorkovski LIVE” iddia edir ki, qadağa hərbi xidmətə cəlb olunan qadınlara (məsələn, həkimlərə) də şamil olunacaq.

Maraqlıdır ki, həmən mənbələrin yazdıqlarına inansaq, guya hakimiyyət ölkəni tərk edən kişi axınından təşvişə düşüb. Deyilələrə görə, bu gün və ya sabah sərhədlərin bağlanması planı prezident tərəfindən hökumət və Duma nümayəndələri ilə müzakirə olunacaq və sonra yekun qərar veriləcək. “Meduza”nın yazdığına görə, qadağa qəbul edildikdən sonra hərbi xidmətə cəlb olunanlar hərbi komissarlıqdan getmək üçün icazə almalı olacaqlar.

Xatırladaq ki, sentyabrın 21-də Rusiya prezidenti Vladimir Putin ölkədə səfərbərlik haqqında fərman imzalayıb. Hakimiyyət bunu qismən adlandırır və guya orduya ehtiyatda olan 300 minə qədər adamın göndəriləcəyi bildirilir.

Lakin maraqlıdır ki, fərmanın açıq hissəsində hərbi xidmətə çağırışın ölçüsü açıqlanmır.

Deyim ki, bu mənim tapıntım deyil. Bununla bağlı rusların özləri yazırlar.

Məsələn, “Novaya qazeta. Avropa” iddia edir ki, əslində səfərbərliklə bağlı qəbul edilmiş bu sənəd bir milyona qədər insana zəng etməyə imkan verir. Belə ki, artıq Rusiyanın ayrı-ayrı bölgələrdən hərbi komissarlığa çağırış vərəqələrinin elan edilmiş səfərbərlik meyarlarına uyğun olmayan şəxslərə gəlməsi ilə bağlı xəbərlər var.

Məhz elə bunun fonunda, Rusiyadan xaricə gedən kişilərin axını kəskin şəkildə artıb. Bəzi yerüstü sərhəd keçid məntəqələrində tıxaclar yaranıb, hava limanlarında izdiham yaranıb.

Ölkəni tərk edə bilməyən insanların axını ən yaxın quru keçid məntəqələrinə, o cümlədən Qazaxıstanla sərhəddə olan məntəqələrə axıb. Nəticədə səfərbərlikdən qaçanların kilometrlərlə uzunluğunda növbələr yaranıb. Ötən həftə sərhəd xidməti Qazaxıstan-Rusiya sərhədindən daxil olanların sayının artdığını qeyd etsə də, sentyabrın 21-dən etibarən Rusiyadan Qazaxıstana nə qədər adamın daxil olduğunu açıqlamayıb.

Bundan əlavə, bir gün əvvəl Rusiyada səfərbərliyə qarşı etiraz aksiyalarında iştirak edən yüzlərlə insan saxlanılıb.

...Qeyd edək ki, son günlər qaçan çağırışçı kişilərə artıq qadınlar da qoşulmağa başlayıblar.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə