ABŞ Rusiyanı cavab tədbirləri ilə hədələyir...

...nüvə silahından istifadə ediləcəyi təqdirdə
ABŞ Rusiyanı cavab tədbirləri ilə hədələyir...

ABŞ prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivan CBS televiziyasına müsahibəsində bildirib ki, Vaşinqton Moskvaya nüvə silahının mümkün istifadəsi ilə bağlı cavab verəcək.

Onun sözlərinə görə, Ağ Ev Rusiyaya bu silah növündən istifadənin fəlakətli nəticələri barədə xəbərdarlıq edib.

Sallivan ABŞ –ın ukraynalılara öz ölkələrini və onun demokratiyasını müdafiə etmək səylərində dəstək olacağını da bildirib. SİA bu barədə rus saytlarına istinad edir.

Sallivanın sözlərinə cavab olaraq “Vahid Rusiya”nın deputatı Oleq Morozov bildirib ki, ABŞ-ın dünyaya nüvə silahı ilə hədələyənin ruslar olduğunu öyrətməsi vacibdir, baxmayaraq ki, bu, zəruri deyil.

O qeyd edib ki, Amerika tərəfi “təbliğat müharibəsinin dərəcəsini” anlayır. Siyasətçinin sözlərinə görə, Amerika tərəfinin ikinci vəzifəsi dünyanı ABŞ-ın “həlledici cavab” hüququna malik olduğu fikrinə alışdırmaqdır.

Rusiyanın xarici işlər naziri Sergey Lavrov BMT Baş Assambleyasının 77-ci sessiyasındakı çıxışı çərçivəsində Rusiyanın nüvə silahından istifadə etmə ehtimalını dəyərləndirib. O qeyd edib ki, nüvə təhlükəsizliyi doktrinası var və orada “tətbiq halı tamamilə aydın şəkildə göstərilib”.

Lavrov Ukrayna prezidenti Vladimir Zelenskinin Rusiyanın xüsusi əməliyyat zamanı kütləvi qırğın nüvə silahından istifadə etməyə hazır olması barədə dediklərini də təkzib edib. Nazir qeyd edib ki, indiki mərhələdə Moskva yalnız adi silahlardan istifadə imkanını nəzərdən keçirir.

Qeyd edək ki, Ukraynada nüvə silahından istifadə imkanını daha əvvəl Rusiyanın BMT-dəki daimi nümayəndəsinin birinci müavini Dmitri Polyanski demişdi. İndi isı deyir ki, guya, belə bəyanatların zərrə qədər də rasional əsası yoxdur.

Polyanski onu da bildirib ki, bu cür silahlardan istifadə meyarlarının Ukraynada baş verən ssenari ilə heç bir əlaqəsi yoxdur.

Yeri gəlmişkən xatırladaq ki, hələ avqust ayında Rusiya Xarici İşlər Nazirliyinin İnformasiya və Mətbuat Departamentinin direktor müavini İvan Neçayev ölkənin nüvə silahından istifadə etməsi şərtini açıqlamışdı.

Diplomatın fikrincə, nüvə silahı "yalnız kütləvi qırğın silahlarının tətbiqi ilə təcavüzə cavab olaraq və ya dövlətin özünün mövcudluğuna təhlükə yarandıqda" istifadə edilə bilər. O vurğulayıb ki, belə bir izahat ölkənin hərbi doktrinasında var.

Maraqlıdır ki, Neçayev həmçinin ABŞ və NATO ölkələrini “nüvə silahından istifadə imkanlarına vurğu edərək aqressiv anti-Rusiya ritorikasını” qabartmaqda ittiham edib, lakin bunun nə ilə nəticələnə biləcəyindən “xəbərdar olduqlarına” da ümid etdiyini bildirib.

...Rusiya XİN rəhbərinin müavini Sergey Ryabkov da öz növbəsində bildirib ki, əgər ölkənin mövcudluğuna təhlükə yaranarsa, Rusiya nüvə silahından istifadə edə bilər. O qeyd edib ki, müvafiq ssenarilər Rusiya Federasiyasının hərbi doktrinasında öz əksini tapıb.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə