ABŞ Putinin nüvə silahı ilə bağlı sözlərini ciddi qəbul edir

Rusiya Federasiyasının nüvə silahından istifadə etməsi Rusiyanın özü üçün ağır beynəlxalq nəticələrlə yekunlaşacaq və onu dünya səhnəsində “yarmaz”a çevirəcək.
ABŞ Putinin nüvə silahı ilə bağlı sözlərini ciddi qəbul edir

Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi, ABŞ-ın Rusiya prezidenti Vladimir Putinin nüvə silahı ilə bağlı dediklərini ciddi qəbul etdiyini bildirib.

Bununla belə ABŞ hələ ki, özünün strateji çəkindirmə qüvvələrinin hazırlığını artırmaq zərurətini görmür.

Qeyd edək ki, daha əvvəl xalqa müraciətində Putin “Rusiyanı nüvə silahı ilə şantaj etməyə çalışanlara” xəbərdarlıq etmişdi ki, “küləyin yüksəlməsi onların xeyrinə ola bilər”.

“...Bu, nüvə dövləti üçün məsuliyyətsiz ritorikadır... Biz bunu ciddi qəbul edirik, lazım gələrsə, öz strateji konfiqurasiyamızı tənzimləmək üçün bacardığımız qədər onların strateji konfiqurasiyasını izləyirik. Hazırda bunun tələb olunduğuna dair heç bir əlamət görmürük”

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bunu da Kirbi bildirib.

Amerikalı rəsminin dediyinə görə, Rusiya Federasiyasının nüvə silahından istifadə etməsi Rusiyanın özü üçün ağır beynəlxalq nəticələrlə yekunlaşacaq və onu dünya səhnəsində “yarmaz”a çevirəcək.
Bir daha xatırladaq ki, bu gün səhər saatlarında Rusiya prezidenti Vladimir Putin Rusiya vətəndaşlarına videomüraciət zamanı sentyabrın 21-dən ölkədə qismən səfərbərlik elan edib.

Yeri gəlmişkən, Rusiyanın müdafiə naziri Şoyqu qismən hərbi səfərbərlik çərçivəsində 300 min ehtiyatda olan əsgər çağırılacağını bildirib. Bununla yanaşı, nazirlik Rusiyanın böyük səfərbərlik resursunun olduğunu, yəni təxmini olaraq 25 milyon rusiyalını hərbi xidmətə çağıra biləcəyini də “gözdağı” kimi dünyaya bəyan edib. Çağırılacaq 300 min isə səfərbərlik resursunun 1 faizdən bir qədər çoxunu təşkil edir.

Yeri gəlmişkən, Şoyqu ölkədəki qismən səfərbərlikdə yalnız xidmət keçmiş, ilk növbədə döyüş təcrübəsi olan və hərbi ixtisasa malik olanların çağırılacağını bildirib.

Guya artıq xidmət edənlər Ukraynadakı xüsusi hərbi əməliyyat zonasına göndərilməyəcəklər.

...Məsəl var, deyirlər ...su ayının boğazına çatanda, doğma balasını da ayağının altında qoyar.

...Gərək ki, yadınızda olar, o vaxt Ukraynadakı münaqişə başlayanda ölkə prezidenti Vladimir Putin də müddətli həqiqi hərbi xidmətə çağırılanların döyüşlərə göndərilməyəcəyini demişdi, amma...

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə