"Referendumlar Rusiyaya danışıqlarda əlavə üstünlük verməyəcək"

"Referendumlar Rusiyaya danışıqlarda əlavə üstünlük verməyəcək"

ABŞ Donbass, Zaporojye və Xerson vilayətlərinin Rusiya Federasiyasına birləşdirilməsi cəhdini heç vaxt tanımayacaq.

Qeyd etdiyimiz kimi, bunu ABŞ Prezidentinin Milli Təhlükəsizlik müşaviri Ceyk Sallivan bildirib.

Onun fikrincə, Donetsk və Luqansk Xalq Respublikalarında, eləcə də Moskvanın nəzarətində olan Xerson və Zaporojye vilayətlərinin ərazilərində Rusiyanın tərkibinə daxil olmaq üzrə referendumların keçirilməsi ona “danışıqlar masası arxasında əlavə üstünlüklər verməyəcək”.

Bundan başqa, o, əlavə edib ki, bu referendumlar “suverenlik və ərazi bütövlüyü prinsiplərinə təhqirdir”.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bunu “Reuters” Sallivana istinadən xəbər verir.

Qeyd edək ki, Almaniya kansleri Olaf Şolz da oxşar məcrada çıxış edərək, Almaniya Federativ Respublikasının “qondarma referendumları” tanımadığını və onların keçirilməsinin beynəlxalq hüquq və razılaşmalara uyğun olmadığını vurğulayıb.

Bu arada NATO-nun baş katibi Yens Stoltenberq hesab edir ki, əgər referendumlar baş tutsa, bu, hərbi əməliyyatların daha da genişlənməsinə səbəb olacaq.

Bayaq da dediyimiz kimi, Fransa prezidenti Emmanuel Makron da beynəlxalq ictimaiyyətin referendumları tanımayacağına əminlik bildirib. Səsvermənin heç bir hüquqi nəticəsi olmayacağını deyən Fransa prezidenti, yaşanacaq bütün prosesi “parodiya” adlandırıb.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə