ABŞ-ın Rusiyadakı səfiri ilk dəfə qadın olacaq

ABŞ-ın Rusiyadakı səfiri ilk dəfə qadın olacaq

Beləliklə, Ağ Ev gələn çərşənbə axşamı ABŞ-ın Rusiyaya yeni səfirinin təyin edilməsini elan edəcək və bu vəzifəyə ilk dəfə olaraq qadın gətiriləcək. Bunu şənbə günü Rusiya Federasiyasında xarici media agenti kimi tanınan “Dojd” telekanalına müsahibəsində ABŞ dövlət katibinin siyasi məsələlər üzrə müavini Viktoriya Nuland deyib.

SİA bu barədə rus saytlarına istinad edir.

“...Gələn çərşənbə axşamı Ağ Evin rəsmi açıqlamasını gözləyəcəyəm. Bu şəxs uzun müddət Rusiyada təhsil alıb, bu, artıq bizim təyinatımızla orada olan diplomatdır, bu, çox isti, açıq və qayğıkeş insandır. Ümid edirik ki, onun köməyi ilə Rusiya ilə münasibətləri yaxşılaşdıra biləcəyik”.

Qeyd edək ki, bunları deyən Nuland ABŞ-ın Rusiyadakı yeni səfirinin adını çəkə biləcəyi sualına cavab verib: “Yalnız onu deyə bilərəm ki, bu Rusiyadakı ilk qadın səfirimiz olacaq”.

Xatırladaq ki, hazırda Amerikanın Rusiyadakı diplomatik missiyasının rəhbəri vəzifəsi boşdur. Belə ki, 62 yaşlı səfir Con Sallivan sentyabrın 4-də Moskvanı tərk edib. Bildirək ki, o, bu vəzifəyə 2019-cu ilin dekabrında ABŞ-ın əvvəlki prezidenti, respublikaçı Donald Tramp tərəfindən təyin edilmişdi.

Qeyd edək ki, çərşənbə günü CNN öz mənbələrinə istinadən ABŞ prezidenti Cozef Baydenin Rusiyadakı səfir postuna ABŞ-ın Ermənistandakı diplomatik missiyasının hazırkı rəhbəri Lin Treysinin namizədliyini irəli sürməyi planlaşdıdığı barədə xəbər verib. Telekanalın məlumatına görə, Bayden administrasiyası ümid edir ki, ABŞ Senatı Treysinin namizədliyini tez bir zamanda təsdiq edəcək və o, tezliklə Moskvada işə başlaya biləcək.
O da qeyd olunur ki, ABŞ hakimiyyəti artıq Rusiya Federasiyasına təsdiq üçün müvafiq sorğu göndərib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə