“Muyfa” qasırğası ilə əlaqədar Çinin işgüzar mərkəzi olan Şanxayda əhalinin sıx məskunlaşdığı Cinşan rayonundan təxminən 400 min nəfər təxliyə edilib.
SİA-nın əldə etdiyi məlumata görə, sentyabrın 14-də axşam saatlarından başlayaraq səlahiyyətli qurumların əməkdaşları məhəllələrə, binalara baş çəkərək əhalinin daha təhlükəsiz yerlərə təxliyəsini həyata keçiriblər.
“Muyfa” sentyabrın 14-də axşam saatlarından Çinin şərq sahillərinə, o cümlədən Cıcian vilayətinə və Şanxay şəhərinə yaxınlaşmağa başlayıb. Səlahiyyətli qurumlar güclü külək və şiddətli yağışların zərərinin az olması üçün müvafiq qabaqlayıcı tədbirlər görüblər. Belə ki, Şanxayın 2 beynəlxalq hava limanından bütün uçuşlar təxirə salınıb, bərə səfərləri dayandırılıb.
Cari ilin 12-ci qasırğası olan “Muyfa” Cıcian vilayətində daşqın və torpaq sürüşmələrinə səbəb olub. Bəzi yerlərdə yağıntının miqdarı 400 millimetrə çatıb. Hayşi rayonunda 196 yol müvəqqəti bağlanıb. Ninbo şəhərində meydana gələn torpaq sürüşməsi 3 kəndə gedən yolun bağlanmasına səbəb olub.
Qeyd edək ki, Çinin meteorologiya xidməti “Muyfa” qasırğası ilə əlaqədar ən yüksək – qırmızı səviyyədə xəbərdarlıq elan edib. Qasırğanın Şanxay və Cıcian ilə yanaşı, Şandon, Ciansu, Anhuy vilayətlərində də təsirli olacağı gözlənilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB